Azərbaycana üç qol vuran futbolçu kokaində ilişdi
22.10.2008 - 12:31
Azərbaycana üç qol vuran futbolçu kokaində ilişdi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Almaniyanın “Münhen-1860” klubunda çıxış edən Berkant Göktan komandadan qovulub. “APA-Sport”un məlumatına görə, 28 yaşlı türkiyəli futbolçu kokaindən istifadə etdiyi üçün ikinci bundesliqa təmsilçisinin düşərgəsindən uzaqlaşdırılıb.

2006-cı ildə “Kayzerslautern”dən “Münhen-1860”a keçən Berkant “Bavariya”nın yetirməsi sayılır. İki il ərzində komandada 32 oyuna 18 qol vuran türkiyəlinin qovulmasını klub rəhbərliyində yer alan Ştefan Röyter belə izah edib: “Artıq komandamızda Berkant kimisi yoxdur. Onunla müqaviləmiz üç ildən sonra bitməli olsa da, narkotikə aludə olduğunu bilən kimi anlaşmanı pozmağa qərar verdik”.

2001-2004-cü illərdə “Qalatasaray”, 2004/05 mövsümündə isə “Beşiktaş”da çıxış edən Berkant Türkiyənin yeniyetmə və gənclərdən ibarət milli komandalarında üst-üstə 63 oyun keçirib. 2000-ci ildə Azərbaycan və Türkiyənin 21 yaşlılardan ibarət yığma komandalarının Sumqayıtda keçirilən qarşılaşmasında bir topa imza atan hücumçu yığmamızın 1:2 hesablı məğlubiyyətində pay sahibi olub. U-21-lərin İstanbuldakı qarşılaşmasında isə Berkant daha iki dəfə fərqlənərək, millimizə vurduğu topların sayını 3-ə çatdırıb. Həmin matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.
0