Cüdoçumuz dünya çempionatında 7-ci oldu
24.10.2008 - 17:06
Cüdoçumuz dünya çempionatında 7-ci oldu
Bakı. Aqşin Əliyev - APA-Sport. Tailandın paytaxtı Banqkokda təşkil olunan gənc cüdoçular arasında dünya çempionatında bu gün Azərbaycanın daha iki təmsilçisi qüvvəsini sınayıb. “APA-Sport”un məlumatına görə, tatami üzərinə çıxan Elmar Qasımov və Kəmalə Hüseynzadə mükafatçılar sırasına düşməyi bacarmayıblar.

Halbuki, 90 kq çəki dərəcəsində yarışan Elmar ilk iki mərhələdə Hüseyn Abdulla (Küveyt) və Cerardo Peynanı (Filippin) ippon fəndinə salaraq, vaxtında əvvəl qələbə qazanıb. 1/4 finalda isə o, gürcüstanlı Varlam Lipartelianiyə uduzub. Elmar təsəlliverici mərhələdə Tomas Domanski (Polşa) ilə görüşdə də məğlubiyyət acısı daddığından əliboş qalıb.

Kəmalə Hüseynzadə (63 kq) isə çempionata inamlı başlayıb. O, qırğızıstanlı Bubusayra Abdilmanapı üstələyib. Daha sonra xanım idmançımız gələcək vitse-çempiona uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, çempionatın birinci günündə Fərid Babayev (+100 kq) da medalsız qalmışdı. Qarşıdakı günlərdə 3 cüdoçumuz - Elsevər Sadıqzadə (60 kq), Sərxan Əhmədov (66 kq) və Ramin Qurbanov (81 kq) fəxri kürsüyə yüksəlməyə çalışacaqlar.
0