Veteran futbolçumuz həbs olundu
04.11.2008 - 11:23
Veteran futbolçumuz həbs olundu
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli çempionatları tarixində ilk qolun müəllifi olan futbolçu Mehman Alışanov həbs olunub. “APA-Sport”un məlumatına görə, 1993-cü ildə Ağdamın “Qarabağ” klubunun heyətində həm ölkə çempionu, həm də kuboku qazanan yarımmüdafiəçi narkotika alverində “ilişib”.

Peşəkar futbolçu karyerasını bu ilin mayında, 41 yaşında başa vuran Mehman bundan sonra Bakıya köçərək, fəhləliklə pul qazanırmış. Daş sexində çalışan veteran futbolçunu Nəbi Bayramov adlı şəxslə işbirliyi cəncələ salıb. Kokain sataraq pul qazanmaq sevdasına düşənləri tezliklə Xətai rayonunun hüquq-mühafizə orqanları yaxalayıblar. Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Mingəçevir futbol məktəbinin yetirməsi olan Mehmanın karyerasının əsas hissəsi doğulub-boya başa çatdığı şəhərin təmsilçiləri - “Kür-Nur” və “Energetik”lə bağlıdır. O, 1992-ci ildə startı verilən birinci milli çempionatda ilk qolun müəllifi kimi tarixə düşüb. Karyerası boyu “Qarabağ” (1992-93, 96/97 mövsümünün ikinci yarısı; 65 oyunda 15 qol), “Kür-Nur” (1993-95, 96/97 və 97/98 mövsümlərinin ilk yarısı; 48 oyunda 3 qol), “Şəmkir” (1997/98 mövsümünün ikinci yarısı), “Viləş” (1998/99; 25 oyunda 1 qol), “Turan” (1999/2000; 9 oyun) klublarında çıxış edən Alışanov güclülər dəstəsində 156 matçda 19 dəfə fərqlənib.

Son 5 mövsümü birinci divizionda Mingəçevirin “Energetik” klubunda keçirən yarımmüdafiəçi 64 görüşdə 4 qola imza atıb. Axırıncı oyununu Qazaxın “Göyəzən” klubuna qarşı keçirmiş Mehman karyerasında son qolunu “Ədliyyə”yə vurub. O, SSRİ-nin yeniyetmələrdən ibarət yığmasında da forma geyinib.
0