Kara üçün yubiley şansı
04.11.2008 - 12:41
Kara üçün yubiley şansı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan kubokunun 1/8 final mərhələsində keçiriləcək “Muğan” - “Xəzər-Lənkəran” oyunu iki əlamətdar hadisə ilə yaddaşlara həkk oluna bilər. “APA-Sport”un məlumatına görə, meydan sahibləri tarixində ilk dəfə “Muğan” adı ilə meydana çıxacaq. Bundan başqa, Salyan təmsilçisini məğlub etməyə çalışacaq lənkəranlıların öz baş məşqçilərinə yubiley hədiyyəsi etmələri mümkündür.

Belə ki, “Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Kara Azərbaycanda çalışdığı dövrdə 49 qələbəyə sevinib. Ölkəmizdə işlədiyi müddətdə “Xəzər-Lənkəran”ı 50, “Qarabağ”ı 44 matça çıxaran 58 yaşlı mütəxəssis bu komandalarda müvafiq olaraq 31 və 18 dəfə rəqiblərini məğlub edib. Bu qələbələrdən 42-si Premyer Liqa, 7-si ölkə kubokunda qeydə alınıb. “Muğan”la görüşdə yubiley qələbəsini qeyd edəcəyi halda, Kara 50-yə çatan ikinci əcnəbi mütəxəssis olacaq. İndiyədək yalnız “İnter”in baş məşqçisi Valentin Xodukin ölkəmizdəki qələbələrin sayında yüzü yarılaya bilib.

Qeyd edək ki, salyanlılarla bir həftə öncə keçirilən ilk matç da Kara üçün əlamətdar olmuşdu. Həmin vaxt NBC adlanan rəqiblə görüş türkiyəlinin “Xəzər-Lənkəran”ın baş məşqçi postunda 50-ci oyunu idi.


0