“Bayramovun uğuruna kölgə salmaq istəmirəm, amma...”
07.11.2008 - 14:55
“Bayramovun uğuruna kölgə salmaq istəmirəm, amma...”
Bakı. Kənan Həsənov - APA-Sport. “İlin ən güclü güləşçilərinin müəyyən olunub mükafatlandırılması ideyası bizə məxsusdur. FİLA bu işdə yalnız dəstək verib. Digər bütün məsələlərlə isə özümüz məşğul olmuşuq. Amma bu il nədənsə FİLA özü seçim etdi”. “APA-Sport”un məlumatına görə, bu fikirləri Rusiyanın İdman Güləşi Federasiyasının (FSBR) icraçı-direktoru Georgi Bryusov söyləyib.

FİLA-nın addımından narazı qalan FSBR rəsmisi bildirib ki, onların seçimi daha ədalətlidir: “Ötən il seçim hüququnu azarkeşlərin ixtiyarına vermişdik. Amma səsvermə zamanı qayda pozuntularına yol verildi. Bu dəfə isə yarışların nəticələrini və tanınmış mütəxəssislərin rəyini əsas götürdük. FİLA-nın xüsusi hesablama sistemi ilə müəyyənləşdirdiyi pəhləvanların heç biri olimpiya çempionu olmayıb. Mən bununla həmin laureatların uğuruna kölgə salmaq istəmirəm. Amma onlar bizim müəyyənləşdirdiyimiz pəhləvanlarla müqayisəyə gəlmir. Ona görə də mövqelərimiz üst-üstə düşmədiyi üçün biz rəsmi təşkilatçı statusundan imtina etdik”.

Bryusov, həmçinin İdman Güləşi Akademiyasının qeydiyyatdan keçməsi üçün sənədlərin hazır olduğunu bildirib. O, bundan sonra seçim hüququnun bu qurumun üzvlüyünə qəbul olunacaq tanınmış idmançılar və mütəxəssislərə veriləcəyini də vurğulayıb.

Qeyd edək ki, FİLA yunan-Roma güləşində Azərbaycan yığmasının üzvü Rövşən Bayramovu, sərbəst güləşdə Vasili Fedorişini (Ukrayna), qadın güləşində isə Stanka Zlatevanı (Bolqarıstan) planetin ən güclü pəhləvanları seçib. FSBR isə rusiyalılar, Aslanbek Xuştov (yunan-Roma güləşi), Buvaysar Saytiyevi (sərbəst güləş) və yaponiyalı Saori Yoşidanı (qadın güləşi) fərqləndirib.


0