Boksçumuz Avropa çempionatında ¼ finala yüksəlib
10.11.2008 - 11:25
Boksçumuz Avropa çempionatında ¼ finala yüksəlib
Bakı. Kənan Həsənov - APA-Sport. İngiltərənin Liverpul şəhərində təşkil olunan kişi boksçular arasında Avropa çempionatında ilkin mərhələ döyüşləri davam edir. “APA-Sport”un məlumatına görə, yarışa qatılan Azərbaycan yığmasının beş üzvündən artıq ikisi mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

Pekin olimpiadasının iştirakçısı Samir Məmmədov (54 kq) 1/8 finalda gözlənilmədən irlandiyalı Rayan Lindberqə 3:11 hesabı ilə uduzub. Bu mərhələdə Emil Məhərrəmovun (69 kq) qarşısını isə rusiyalı Aleksandr Rakislov kəsib - 2:9. Beləliklə də iddialı boksçularımız Avropa çempionatını mükafat qazanmadan tərk ediblər.

Nəriman Abdullayevin rəhbərlik etdiyi yığmamızın digər üzvləri isə mübarizəni davam etdirirlər. Döyüşlərə 1/8 finaldan başlayan Famil Süleymanov (60 kq) İsmət Zeriki (Bosniya və Hersoqovina) 9:3 hesabı ilə məğlub edib. Təmsilçimizin növbəti rəqibi irlandiyalı Ross Hikki olacaq. Fərhad Acalov (64 kq) isə ilk döyüşünü bu gün Maksim İqnatyevə (Rusiya) qarşı keçirəcək. Sonuncu təmsilçimiz Elçin Əlizadə (91 kq) 1/16 finalda fransalı Con Mbumbaya tam üstünlüklə qalib gəlib. Həmyerlimizin növbəti mərhələdə rəqibi macar Yojef Darmos olacaq.

Qeyd edək ki, 37-ci dəfə təşkil olunacaq Avropa çempionatına noyabrın 15-də keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.


0