Güləşçimiz qitələrarası kubokun bürünc medalını qazanıb
09.11.2008 - 12:28
Güləşçimiz qitələrarası kubokun bürünc medalını qazanıb
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada MOİK klubunun təşkil etdiyi qitələrarası kubok uğrunda yarış başa çatıb. “APA-Sport”un məlumatına görə, çempion tituluna bütün görüşlərində qələbə qazanan MOİK sahib çıxıb.

Azərbaycan yığmasının üzvləri, Novruz Temrezovla (84 kq) Əli İsayevin (120 kq) şərəfini qoruduqları Avropa və Asiya yığmaları isə bürünc medal uğrunda görüşdə qarşılaşıblar. Rəqibinə 5:2 hesabı ilə qalib gələn asiyalılar fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Bürünc medala sahib çıxan İsayev bu yarışdan sonra mütləq dünya çempionatına da qatılıb. Rusiyalı legionerimiz güləşmədən ¼ finala yüksəlsə də, burada iranlı pəhləvana uduzaraq mübarizəni dayandırıb. Mütləq dünya çempionu titulunu isə Rusiya yığmasının digər üzvü Hacımurad Qatsalov qazanıb.


0