Elnur Məmmədli Azərbaycan çempionatına qatılmır
10.11.2008 - 12:38
Elnur Məmmədli Azərbaycan çempionatına qatılmır
Bakı. Aqşin Əliyev - APA-Sport. Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli bu ilin dekabrında keçiriləcək cüdo üzrə növbəti Azərbaycan çempionatına qatılmayacaq. Bu haqda “APA-Sport”a yığmanın baş məşqçisi Ağayar Axundzadə məlumat verib. Onun sözlərinə görə, olimpiadada yüksək nəticə göstərmiş Məmmədli bu dəfəki yarış zamanı istirahət edəcək.

Elnurla yanaşı, Pekində bürünc medal qazanan Mövlud Mirəliyev də çempionatda tatami üzərinə çıxmayacaq. Milli komandanın aparıcı üzvlərindən sayılan Kifayət Qasımova və Ramil Qasımov zədəli olduqlarından qarşıdakı turnirdə iştirak edib-etməyəcəkləri bilinmir. Veteran cüdoçumuz Mehman Əzizov isə hələlik qəti qərarını verməyib. Onun peşəkar karyerasını tezliklə başa vuracağı istisna deyil.

Ağayar Axundzadə vurğulayıb ki, üzrsüz səbəblərdən çempionatda güləşməyənlər yığmadakı yerlərini itirəcəklər: “Milli komandanın üzvü olmaq üçün ölkə çempionatına qatılmaq vacib şərtdir. Yalnız bir neçə idmançı üzrlü səbəblərdən Azərbaycan birinciliyində iştirak etməyəcək. Onları başa düşmək olar. Qalanları isə mütləq öz bacarıqlarını nümayiş etdirməlidirlər”.
0