“Azərreyl”: ya tamam, ya davam!
12.11.2008 - 13:12
“Azərreyl”: ya tamam, ya davam!
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət “Azərreyl” klubu sabah Avropa Voleybol Konfederasiyasının (CEV) kubokunun 1/16 final mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. “APA-Sport”un məlumatına görə, Faiq Qarayevin yetirmələri səfərdə Hollandiyanın “Longa 59” kollektivi ilə qarşılaşacaq.

İlk dəfə CEV kubokuna qatılan komandamız Quba Olimpiya Kompleksində baş tutan birinci görüşdə rəqibinə qalib gələ bilməyib - 2:3 (22:25, 25:23, 25:15, 16:25, 15:17). Cavab matçı Bakı vaxtı ilə 22:30-da Lixtenvord şəhərində start götürəcək.

“Çelenc kuboku” turnirdəki təmsilçimiz “Rabitə” isə sabah Quba Olimpiya Kompleksində meydana çıxacaq. Finlandiyanın “Viesti” klubunu qəbul edəcək komandamız 2:3 (25:22, 26:24, 24:26, 18:25, 11:15) hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Bu görüş 18:00-da başlanacaq.
0