Ağır atletika yığmamız əcnəbi məşqçiyə tapşırılacaq
12.11.2008 - 18:46
Ağır atletika yığmamız əcnəbi məşqçiyə tapşırılacaq
Bakı - APA-Sport. Ağır atletika üzrə Azərbaycan milli komandasını əcnəbi mütəxəssis çalışdıracaq. “APA-Sport”un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərlə söhbətində bildirib. Nazir deyib ki, 2006-cı ildən yığmamıza rəhbərlik edən Vahid Nəzərovun tutduğu post xarici məşqçiyə tapşırılacaq.

“Hazırda mütəxəssis axtarışları davam etdirilir. Mən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tamaş Ayana müraciət etmişəm ki, bizə baş məşqçi seçimində yardımçı olsun. Təyinatın maksimum tez rəsmiləşməsi üçün çalışırıq” – deyə Rəhimov söyləyib. O, boks və digər milli komandalarımızda islahatlar aparılacağını söyləyib.

Rəhimovun sözlərinə görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti postunda yaxın vaxtlarda dəyişiklik gözlənilmir. Heydər Babayev az öncə iqtisadi inkişaf naziri vəzifəsindən azad olunsa da, federasiyaya hələ də rəhbərlik edir: “Həndbolçularımız qarşıdakı yarışlara hazırlaşırlar və onların heç bir problemləri yoxdur”.

Həmçinin, nazir yunan-Roma güləşi yığmamızın üzvü, Pekin Olimpiadasının gümüş medalçısı Rövşən Bayramovun FILA tərəfindən dünyanın ən güclü pəhləvanı seçilməsinə münasibət bildirib. Rəhimov rusiyalıların etirazına baxmayaraq, seçimin doğru aparıldığını vurğulayıb: “Rövşən Bayramov bu il keçirilən mötəbər yarışlarda yüksək səviyyədə çıxış edib. Buna görə də idmançımız planetin ən güclü yunan-Roma güləşçisi seçilməyə layiqdir. Rusiya tərəfinə isə etiraz məktubu göndərmək fikrimiz yoxdur”.

Almaniyanın Drezden şəhərində keçirilən şahmat olimpiadasında milli komandalarımızın yarış yerindən kənarda məskunlaşması ilə bağlı məsələyə toxunan Rəhimov bunun müsbət həllinə çalışdıqlarını qeyd edib: “Şahmatçılarımızın yarış yerinə yaxın məskunlaşmaları üçün müvafiq tədbirlər görürük”. Nazir olimpiadanın yekunlarına əsasən, yığmamızın ilk “üçlük”də qərarlaşacağına inamını ifadə edib.
0