Abdullayev fiaskoya don geyindirir
13.11.2008 - 14:00
Abdullayev fiaskoya don geyindirir
Bakı. Kənan Həsənov - APA-Sport. “Boksçular rəhbərliyim altında Avropa çempionatına normal hazırlıq keçiblər. Heç birində problem olmayıb. Yeganə çatışmazlıq kimi, yarış təcrübəsinin azlığını göstərə bilərəm. Təəssüf ki, yarış ərəfəsində beynəlxalq turnirlərə qatıla bilmədik”. Bu sözləri “APA-Sport”a Azərbaycanın boks yığmasının baş məşqçisi Nəriman Abdullayev deyib.

O, komandanın İngiltərənin Liverpul şəhərinə tam heyətlə yollanmadığını desə də, yetirmələrindən medal gözlədiyini bildirib: “Samir Məmmədov, Emil Məhərrəmov və Elçin Əlizadə təcrübəli boksçularıdır. Onların hər biri nüfuzlu yarışlarda uğur qazanıblar. Amma Liverpulda etimadı doğrultmadılar. Təəssüf ki, Əlizadə döyüş zamanı qolunu sındırdı. Digər iki boksçumuz isə imkanlarından aşağı səviyyədə çıxış etdilər. Liverpula cəmi beş boksçunu ezam etməyimizin səbəbi isə Bakıda təşkil olunacaq hərbçilərin dünya çempionatı ilə bağlıdır”.

Dünya birinciliyinin hazırlığına başladıqlarını bildirən Abdullayev yeganə dünya çempionumuz Ağası Məmmədovun heyətdən kənarda qalacağını vurğulayıb: “Avropa çempionatında çıxış edənlər də bu yarışa qatılacaqlar. Optimal heyəti müəyyənləşdirmək üçün sınaqçı döyüşlər keçirəcəyik. Ağası bizim yeganə dünya çempionumuzdur. Hamımızın ona böyük hörməti var. Yığmanın qapıları da üzünə hər zaman açıqdır. Amma o, indi hazır deyil. Gələcəkdə baxarıq”.

Qeyd edək ki, Avropa çempionatına yollanan boksçularımızdan heç biri yarımfinala yüksələ bilmədiyindən yığmamız bu nüfuzlu yarışı mükafatsız başa vurub.
0