Vahid Nəzərov nazirlə razılaşmır
13.11.2008 - 16:22
Vahid Nəzərov nazirlə razılaşmır
Bakı. Aqşin Əliyev - APA-Sport. “Milli komandaya baş məşqçi axtarışından, həmçinin Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəhbərliyinə müraciətdən mənim xəbərim yoxdur”. Bu sözləri “APA-Sport”a açıqlamasında Azərbaycan ağır atletika yığmasının baş məşqçisi Vahid Nəzərov deyib. O, milli komandaya əcnəbi mütəxəssis axtarılması ilə bağlı gənclər və idman naziri Azad Rəhimovun söylədiyi fikirlərlə tanış olmadığını bildirib.

Nəzərov vurğulayıb ki, yığmanın xarici məşqçiyə tapşırılması yaxşı hal olmaz: “Bizim mütəxəssislər kimdən əskikdir ki? Yerli məşqçilərin qazandıqları uğurlar göz qabağındadır. Biz ikiqat dünya çempionu, ikiqat Avropa çempionu, nüfuzlu beynəlxalq turnirlərini mükafatçılarını yetişdirmişik. İndiyədək əcnəbi mütəxəssislərin işi ilə hamı tanışdır. Karlos Alberto Torres, Rimas Kurtinaytis və digərləri ölkəmizdə heç nəyə nail olmayıblar”.

Yığmadakı işindən razı qalan Nəzərov gələcəkdə daha yüksək uğurlar qazanılacağını söyləyib: “Mən 1 il 4 aydır milli komandanın baş məşqçisi vəzifəsində çalışıram. Bu müddətdə bir sıra nailiyyətlər qazanmışıq. Hesab edirəm ki, federasiya rəhbərliyi düzgün yoldadır. Gələcək yarışlarda daha yaxşı çıxış edəcəyimizə və 2012-ci il London Olimpiadasından Vətənə medalla dönəcəyimizə inanıram”.
0