Mehman Əzizov hələ fikirləşir
13.11.2008 - 17:37
Mehman Əzizov hələ fikirləşir
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan milli komandasının cüdoçusu Mehman Əzizovun dekabrda keçiriləcək ölkə çempionatında iştirakı sual altındadır. Bu haqda “APA-Sport”a məlumat verən Əzizov zədədən əziyyət çəkdiyini bildirib. Əgər onun səhhəti yaxşılaşmasa, Elnur Məmmədli və Mövlud Mirəliyevin ardından çempionata qatılmayacaq yığmanın üçüncü üzvü olacaq.

“Pekin Olimpiadasından sonra zədəmin müalicəsi ilə məşğulam. Yəqin ki, Azərbaycan çempionatında güləşə bilməyəcəyəm. Hər halda, özümü yaxşı hiss etsəm, qarşıdakı yarışda iştirak edəcəyəm” - deyə 32 yaşlı idmançı vurğulayıb.

Əzizov gələcək karyerası ilə bağlı qəti qərar gəlmədiyini də söyləyib. Avropa çempionatının bürünc mükafatçısı cüdodan ayrılıb-ayrılmayacağını hələlik dəqiqləşdirməyib: “Hələ də karyeramı başa vurub-vurmayacağımı özüm üçün müəyyənləşdirməmişəm”.

Qeyd edək ki, 2000-ci il Sidney, 2004-cü il Afina, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparmış Əzizov fəxri kürsüyə yüksələ bilməyib. Bu ilin avqustunda Çin paytaxtında uğursuzluğa düçar olduqdan sonra Mehmanın peşəkar karyerasını bitirəcəyi gözlənilirdi.


0