Adil Əliyevlə Əli Əhmədov Avropa çempionatından əliboş qayıdır
14.11.2008 - 19:14
Adil Əliyevlə Əli Əhmədov Avropa çempionatından əliboş qayıdır
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Çexiyanın paytaxtı Praqada veteran cüdoçular arasında Avropa çempionatı start götürüb. “APA-Sport”un məlumatına görə, kişi və qadınlar arasında təşkil olunana yarışda Azərbaycanın 9 idmançısı qüvvəsini sınayır.

Yarışın ilk günündə ölkəmizin 6 təmsilçisi tatami üzərinə çıxıb. Kişi cüdoçularımızın hamısı məğlubiyyət acısı dadıblar. Xüsusilə, Milli Məclisin üzvü Adil Əliyevin (90 kq) uğursuzluğu yaddaqalan olub. Deputat birinci mərhələdə yerli Stefan Şvingenşloegiyə uduzub. Ardından təsəlliverici mərhələyə qatılan Əliyev daha bir məğlubiyyət nəticəsində əliboş qalıb. Bundan başqa, Əli Əhmədov, Mübariz Cəfərov (hər ikisi 81 kq), Rəsul Sultanov (90 kq) və Azad Əliyev (100 kq) də fəxri kürsüyə yüksələ bilməyiblər.

Əvəzində, dünya və Avropa çempionu Zülfiyyə Hüseynova ən yüksək nəticəyə nail olub. 70 kq çəki dərəcəsində güləşən cüdoçumuz 3 rəqibini məğlub edərək, qızıl medala layiq görülüb. Sabah Azər Əsgərov, Fərhad Rəcəbli və Əhəd Rəcəbli (hamısı 100 kq) öz bacarıqlarını nümayiş etdirəcəklər.
0