Samboçularımız 2 bürünc medal qazandılar
15.11.2008 - 11:49
Samboçularımız 2 bürünc medal qazandılar
Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Sankt-Peterburq şəhərində sambo və döyüş sambosu üzrə dünya çempionatının ilk günü arxada qalıb. “APA-Sport”un məlumatına görə, yarışda Azərbaycanı 9 idmançı təmsil edir. Çempionatın birinci günündə 2 samboçumuz fəxri kürsüyə yüksəlməyi bacarıb.

52 kq çəki dərəcəsində qüvvəsini sınayan İslam Qasımov bürünc medala layiq görülüb. 22 yaşlı samboçumuz öncə İlyasbek Karabayevə (Qırğızıstan) qalib gəlib. Ardından qazaxıstanlı Yerbolat Baybatırova uduzan həmvətənimiz daha bir görüş keçirərək, 3-cü yeri tutub. Eyni zamanda, Araz Muxtarov (74 kq) da çempionatın bürünc mükafatçısı olub. Vüqar Bayramov (62 kq) isə ilk mərhələdə məğlub olduğu üçün yekunda 18-ci pillədə qərarlaşıb.

Təqvimə əsasən, bu gün Elçin Mayılov (57 kq), Zaur Paşayev (82 kq) və Ruslan Rüstəmov (100 kq) döşək üzərinə çıxacaqlar. Sabah isə döyüş sambosu növündə çıxış edəcək Səid Mehdiyev (52 kq), Rəşid Fərziyev (57 kq) və Sadıq Kərimov (74 kq) bacarıqlarını nümayiş etdirəcəklər.





0