Qocalar döyüşdən 3 medalla qayıtdı
17.11.2008 - 10:53
Qocalar döyüşdən 3 medalla qayıtdı
Bakı. Aqşin Əliyev - APA-Sport. Çexiyanın paytaxtı Praqada keçirilən veteran cüdoçuların Avropa çempionatı başa çatıb. “APA-Sport”un məlumatına görə, yarışa qatılan Azərbaycanın 9 idmançısı Vətənə 3 medalla qayıdır.

Həmvətənlərimizdən ən yüksək nəticəni Zülfiyyə Hüseynova (70 kq) göstərib. Keçmiş samboçu Praqada bütün rəqiblərini üstələyərək, ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Qalan hər iki medalın əyarı isə gümüş olub. Belə ki, Azər Əsgərov və Fərhad Rəcəbli (hər ikisi 100 kq) yalnız final görüşündə uduzaraq, ikinci yeri tutublar.

Digər cüdoçularımız - başda Milli Məclisin üzvü Adil Əliyev (90 kq) olmaqla, Əli Əhmədov, Mübariz Cəfərov (hər ikisi 81 kq), Rəsul Sultanov (90 kq), Azad Əliyev və Əhəd Rəcəbli (hər ikisi 100 kq) fəxri kürsüyə yüksəlməyi bacarmayıblar. Yekunda Azərbaycan yığması komandası hesabında 31 ölkə arasında 9-cu pillədə qərarlaşıb.





0