Bəhram Mürvətov: “Yığmada dəyişikliklərə ehtiyac var”
17.11.2008 - 13:46
Bəhram Mürvətov: “Yığmada dəyişikliklərə ehtiyac var”
Bakı. Aqşin Əliyev - APA-Sport. “Kimlərəsə baş məşqçi vəzifəsi asan görünə bilər. Lakin bu, çox ağır, məsuliyyətli və şərəfli işdir. Çünki əksər hallarda evdən, ailədən uzaq qalıb, üzərinə düşən vəzifəni yerinə yetirməlisən”. Bu sözləri “APA-Sport”a açıqlamasında sabah Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasına baş məşqçi təyin olunacaq Bəhram Mürvətov deyib.

Baş məşqçi postunda Elçin Cəfərovu əvəzləyəcək Mürvətov bildirib ki, yığmada ciddi dəyişikliklərə ehtiyac yoxdur: “Əgər xaricdən məşqçi gətirilsəydi, o, burada inqilab etməyə, özünü qeyri-adi mütəxəssis kimi göstərməyə çalışardı. Ancaq mövcud durumda buna ehtiyac yoxdur. Milli komandada məşq prosesi, nizam-intizam öz qaydasındadır. Məşqçilər korpusu dəyişilməz qalacaq. Sadəcə, bölgələrdə seleksiya işinə diqqət yetirilməlidir. Bu məqsədlə tez-tez Bakıdan kənarda təlim-məşq toplanışında olacağıq, həmin ərazilərdə yaşayan gənc pəhləvanların olimpiya mükafatçıları ilə birgə hazırlaşmalarına imkan yaradacağıq”.

Mürvətov xarici ölkələrdə təlim-məşq toplanışlarında iştirakın məqsədəuyğunluğunu söyləyib: “Biz dünən Rusiyanın Adler şəhərindən qayıtmışıq. Rusiya yığması ilə birgə keçirilən təlim-məşq toplanışı çox effektli oldu. Rusiyalı pəhləvanları tanıdıq, onların gücünə bələd olduq. Yadınızdadırsa, Pekin Olimpiadasında rəqibləri tanımamağımız nəticəyə birbaşa mənfi təsir göstərdi. Buna görə də xaricdə hazırlıq proseslərinə, beynəlxalq yarışlara qatılmağımız tanışlıq baxımından xeyirlidir”.

Legioner məsələsinə toxunan çalışdırıcı milli komandada əcnəbi güləşçilərin tədricən aradan çıxacağını vurğulayıb: “Bizim əsasən, 96 və 120 kq çəki dərəcələrində legionerlərə ehtiyacımız var. 84 kq-da isə 19-20 yaşlı perspektivli gənclərimiz var. Yəqin ki, növbəti məsul yarışlara qədər 84-kq-da məhz öz idmançılarımıza şans verəcəyik. Əslində, biz legionerlərdən müvəqqəti istifadə edirik”.

Qeyd edək ki, “Təhsil” və “Dinamo”nun sabiq məşqçisi Mürvətov 2002-ci ildə Elçin Cəfərovla birgə milli komandaya gələrək, ardıcıl 6 il onun köməkçisi olub.





0