“Ruslar mənim paxıllığımı çəkirlər”
18.11.2008 - 12:15
“Ruslar mənim paxıllığımı çəkirlər”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Dünyanın ən yaxşı güləşçisi seçiləcəyimi gözləmirdim. Bu xəbəri mənə Adlerdə təlim-məşq toplanışında olduğumuz zaman yığmamızın məşqçisi Bəhram Mürvətov dedi”. Bunu “APA-Sport”a açıqlamasında yunan-Roma növü üzrə Azərbaycan güləş yığmasının heyətində Pekin Olimpiadasının gümüş mükafatçısı Rövşən Bayramov deyib.

FİLA 20 yaşında bu uğura imza atan həmyerlimizi 2008-ci ildə dünyanın ən yaxşı güləşçisi hesab etsə, ruslar bunu düzgün seçim saymır. Rövşənin fikrincə, onun paxıllığını çəkirlər: “Rusların məni bəyənməməyi paxıllıqdan irəli gəlir. Bu, FİLA-nın seçimidir və kimsə buna etiraz edə bilməz. Bu adı mənə veriblərsə, deməli, buna layiqəm. Bu il Olimpiadaya qədər Avropa çempionatında və Qran-Pri turnirində uğurlu çıxış etmişəm. FİLA da seçimini bu yarışların yekununa əsasən verib. Hesab edirəm ki, bu, ədalətlidir”.

Ölkə çempionatına iştirak etməsinin hələ dəqiqləşmədiyini deyən Bayramov bunu çəki problemi ilə əlaqələndirib: “Ölkə birinciliyində qatılıb-qatılmayacağım hələ bilinmir. Bu, məşqçilərin qərarından asılıdır. Çempionatımıza qatılmaq üçün mütləq 5-6 kq çəki salmalıyam. Bu, gələn il keçiriləcək məsul sınaqlar öncəsi məqsədəuyğun deyil. Belə ki, gələn ilin fevralında Dünya Kuboku, apreldə isə Avropa çempionatında iştirak edəcəyəm. İndi çəkimi salsam, sonradan çəkim daha da arta bilər”.

Qeyd edək ki, güləşçilərin ölkə çempionatı gələn il keçiriləcək.















0