Bakıya gələn futbolçu sərxoş halda yaxalandı
19.11.2008 - 16:21
Bakıya gələn futbolçu sərxoş halda yaxalandı
“Liverpul”un futbolçusu Cerman Pennant sərxoş halda yaxalanıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı ingilis futbolçu gecə saatlarında bardan əlində viski şişəsi çıxarkən paparatsilərin əhatəsinə düşüb. Pennant o qədər dəm olub ki, media nümayəndələrinin şəklini çəkdiyini hiss etməyib. Çəkilən şəkillər viski şüşəsini başına çəkən Cermanın ayaq üstə durmaqda çətinlik çəkdiyini göstərir.

Ötən həftəsonu İngiltərə Premyer Liqasında səfərdə “Bolton”a 0:2 hesablı məğlubiyyətdən sonra komanda yoldaşları kimi iznli olan Pennant məğlubiyyətin acısını barda unutdurmağı qərara alıb. Nəticədə İngiltərə mətbuatının hədəfinə çevrilən futbolçu bu qalmaqaldan necə çıxacağının sıxıntısını yaşayır. “Liverpul”un baş məşqçisi Rafael Benitesin futbolçusu haqda hansı ölçü götürəcəyi maraq doğurur. Klub rəhbərliyi Cermanın hərəkəti ilə bağlı açıqlama verməkdən boyun qaçırırlar.

Qeyd edək ki, Pennant üç il çıxış etdiyi İngiltərənin (2001-04) olimpiya yığmasında 24 oyun keçirib. 2004-cü ilin oktyabrında bu komandanın heyətində Bakıya gələn Cermen olimpiya yığmamızla İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qolsuz heç-heçə ilə başa çatan rəsmi oyunda 90 dəqiqə meydanda olub.
0