Elmar Xeyirov “İnter”ə qarşı?
19.11.2008 - 16:51
Elmar Xeyirov “İnter”ə qarşı?
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində Belarusu təmsil edəcək komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Belarus çempionu BATE-nin Moskvadakı turnirə yollanmaqdan imtina etməsindən sonra onları əvəzləməli olan gümüş mükafatçı Minsk “Dinamo”su da eyni addımı atıb. Ölkənin iki ən güclüsünün yarışa qatılmaq istəməməyi “MTZ-RİPO”nun Belarusun turnirdə təmsilçisi olmağa imkan yaradıb.

Gələn il yanvarda keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda mübarizə aparacaq Belarusun üçüncü komandasının heyətində azərbaycanlı futbolçu da çıxış edə bilər. Belə ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq futbolçusu Elmar Xeyirov məhz Minsk təmsilçisinin oyunçusu sayılır. Bu ilin əvvəlində “MTZ-RİPO” ilə müqavilə bağlayan Xeyirov yayda “Darida”ya icarəyə verilsə də, artıq geri qayıdıb. Onun məxsus olduğu komandanın Moskvaya yollanan heyətdə yer alıb-almayacağı dəqiq bilinmir.

Qeyd edək ki, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda Azərbaycanı ölkə çempionu, bir vaxtlar Xeyirovun şərəfini qoruduğu “İnter” təmsil edəcək.
0