Azərbaycan - Albaniya - 1:1
19.11.2008 - 22:08
Azərbaycan - Albaniya - 1:1
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Albaniya futbol yığmaları arasında yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamız 2008-ci ildə oynadığı son matçda heç-heçə ilə kifayətlənib.

Yığmamızın start heyətində Rauf Mehdiyev, Saşa Yunisoğlu, Mahir Şükürov, Aleksandr Çertoqanov, Samir Abbasov, Branimir Subaşiç, Usim Nduka, Rəşad Sadıqov, Elvin Məmmədov, Vaqif Cavadov və Zeynal Zeynalov yer alıb. Oyuna fəal başlayan futbolçularımız 4-cü dəqiqədə hesabı açıblar. Rəqib komandanın qapıçısı İsli Hidi ilə təkbətək çıxan Subaşiç şansını boşa verməyib - 1:0.

Qoldan ruhlanan həmyerlilərimiz tezliklə qonaqların qapısı qarşısında daha bir neçə təhlükəli vəziyyət yaradıblar. Lakin növbəti qol Albaniyadan gəlib. 12-ci dəqiqədə Ervin Skela hesabı bərabərləşdirib. Birinci hissənin sonunadək tərəflər bir neçə dəfə fərqlənmək imkanına malik olublar. Buna baxmayaraq, tablodakı rəqəmlər dəyişməz qalıb. Fasilə ərəfəsində isə meydanda xoşagəlməz anlar yaşanıb. Görüşün gürcüstanlı baş hakimi Albaniya komandasının üzvü Elvin Beqiriyə qırmızı vərəqə göstərib. Nəticədə futbolçular arasında gərginlik yaranıb.

Fasiləyə yollanan Albaniya yığması qırmızı vərəqəyə etiraz əlaməti olaraq, ikinci hissəyə çıxmaq istəməyib. Lakin sonradan qonaqları razı salmaq olub. Ari Haanın yetirmələrinin ucbatından ikinci hissə 5 dəqiqə gec başlanıb. Fasilədən sonra oyun nisbətən sönük keçib. Berti Foqtsun rəhbərlik etdiyi kollektiv 10 nəfərlə qalmış rəqibin müdafiə xəttini yara bilməyib. Almaniyalı mütəxəssisin əvəzləmələri də bəhrəsiz qalıb. Beləliklə, Azərbaycan - Albaniya matçı 1:1 hesabı ilə başa çatıb.


0