Azərbaycanla oyunda xal itirməyə haqqımız yoxdur
20.11.2008 - 11:15
Azərbaycanla oyunda xal itirməyə haqqımız yoxdur
“Almaniya ilə matça qədər hələ çox oyun keçirməliyik. Həmişə deyirəm ki, bizim üçün qarşıdakı görüş çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının baş məşqçisi Qus Hiddink deyib. Cari seçmə mərhələdə Azərbaycan milli komandasının rəqibi olan şimal qonşularımız qarşıdakı görüşü elə bizə qarşı keçirəcək.

Martın 28-də yığmamızı qəbul edəcək rusların holland çalışdırıcısı Azərbaycanla oyunda büdrəməyi yol verilməz sayır: “Almaniya ilə öz meydanımızdakı görüşə qədər xal itirməyə haqqımız yoxdur. İlk öncə Azərbaycanı qəbul edəcək, daha sonra Lixtenşteynin qonağı olacağıq. Rəqibi qiymətləndirməmək çox pis fəsadlar törədir. Buna yol verməyi isə heç istəməzdik. Almaniya ilə oyun haqda vaxtı gələndə fikirləşəcəyik”.

Qrupumuzdakı hazırkı ardıcıllığı normal hesab edən Hiddink 1-ci yeri tutmaqla bağlı ümidini itirmir: “Hələ də hər şey özümüzdən asılıdır. Rəqiblərin öz arasındakı oyunlar elə də çox şeyi həll etməyəcək”.

Qeyd edək ki, qrupumuzda 2-ci yerdə gedən Rusiya lider Almaniyadan 4 xal geridə qalsa da, rəqibi ilə müqayisədə bir oyun az keçirib.
0