Ən yaxşı solaxay kimdir?
22.11.2008 - 12:22
Ən yaxşı solaxay kimdir?
İtaliyada top qovan unudulmaz solaxay futbolçularla bağlı sorğu keçirilib. Apasport.az saytının məlumatına görə, ilk “onluğa” Türkiyə Superliqasının iştirakçısı olan üç nəfər düşüb. Bunlar rumın Georgi Hacı və braziliyalılar Artur Ziko ilə Roberto Karlosdur.

Zərbələrinin sürəti saatda 170 kilometr olan Karlos 4-cü yerə layiq görülüb. “Fənərbaxça”nın 35 yaşlı müdafiəçisi 1995/96 mövsümünü “İnter” klubunda (30 oyun, 5 qol) keçirib. “Fənərbaxça”nın baş məşqçi postunu yayda tərk edən Ziko isə 8-ci pillədə yer alıb. 55 yaşlı braziliyalı mütəxəssis futbolçu karyerası zamanı 1983-85-ci illərdə “Udineze” (39 oyun, 22 qol) klubunda forma geyinib. “Karpat Maradonası” ləqəbi ilə tanınan 43 yaşlı Hacı isə səsvermədə 9-cu yerdə qərarlaşıb. “Qalatasaray”ın heyətində dörd dəfə Türkiyə çempionu, bir dəfə UEFA kubokunu qazanan Georgi 1992-94-cü illərdə “Breşiya” klubunda (61 oyun, 15 qol) çıxış edib. İtalyanlar üçün ən unudulmaz solaxay futbolçu isə əfsanəvi Dieqo Maradona olub. Sol ayağı ilə ən yaxşı oynayan sayılan 48 yaşlı argentinalı Neapolun “Napoli” klubunun lideri olub.

Qeyd edək ki, analoji sorğuya başlayan türkiyəlilər Hacı ilə Karlos arasında seçim etməyi respondentlərin ixtiyarına buraxıb.
0