Cüdoçularımız üçün uğursuz gün
22.11.2008 - 18:26
Cüdoçularımız üçün uğursuz gün
Xorvatiyanın paytaxtı Zaqrebdə 23 yaşadək oğlan və qızlar arasında keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü Azərbaycan idmançıları üçün uğursuz olub. Belə ki, tatami üzərinə çıxan hər 4 cüdoçumuz mükafatçılar sırasına düşməyi bacarmayıblar.

Oğlanların yarışında Fuad Həbibzadə (73 kq) ilk görüşdə məğlubiyyətlə üzləşib. Daha sonra təsəlliverici mərhələyə qatılan həmyerlimiz ikinci dəfə uduzaraq, turnirlə erkən vidalaşıb. Rüstəm Alimlinin (81 kq) debütü isə uğurlu alınıb. O, Mirolyub İveziçə (Serbiya) qalib gəlib. Lakin ikinci mərhələdə Murat Kabaçirova (Rusiya) məğlub olan Rüstəm çempionatı tərk edib.

Qadınlardan ibarət əsas milli komandamızın şərəfini qoruyan Ramilə Usubova da əliboş qalıb. 63 kq çəki dərəcəsində güləşən xanım cüdoçumuz ilk görüşdəcə avstriyalı Aranka Şauerə uduzub. Onun rəqibi 1/4 finalda məğlub olduğundan, Ramilə bürünc medal qazanmaq da şansını itirib. Rəqiyyə Qarayevaya (70 kq) da heç təsəlliverici mərhələdə belə çıxış etmək nəsib olmayıb.

Qeyd edək ki, dünən başlanan çempionatda yığmamızın üzvləri hələlik medal qazana bilməyiblər. Turnirin birinci günündə Samir Dadaşzadə (60 kq) və Emil Həsənov (66 kq) fəxri kürsüyə yüksəlməyi bacarmayıblar. Medal ümidimiz sabah, Avropa çempionatının son günündə öz bacarığını nümayiş etdirəcək Fərid Babayevə (+100 kq) qalıb.
0