Qəhrəman Əliyev: “Hakimlər xalımızı əlimizdən aldılar”
22.11.2008 - 18:47
Qəhrəman Əliyev: “Hakimlər xalımızı əlimizdən aldılar”
“Bu gün xal qazanmaq üçün əlimizdən gələni etdik, sonadək vuruşduq. Amma hakimlər xalımızı əlimizdən aldılar. Məhz hakimlərin kobud səvhləri ucbatından ikinci hissədə qapımıza iki qol vuruldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “Olimpik”lə görüşdən sonra MOİK-in baş məşqçisi Qəhrəman Əliyev deyib.

“Hərbçilər”in çalışdırıcı bildirib ki, komandasının 1:3 hesablı məğlubiyyətə uğradığı qarşılaşmada ədalət təmsilçilərinin nöqsanlarını hakim-inspektor da təsdiqləyib: “Turnir cədvəlindəki mövqeyimiz bizi birinci dövrənin son 3 oyununda maksimum xal yığmağa sövq edirdi. Buna görə də “Olimpik”lə matça ciddi hazırlaşmışdıq. Rəqibin vurduğu ikinci qol epizodunda top xətti keçməmişdi. Oyundan sonra epizodun videotəkrarına görüşün hakim-inspektoru Orucəli Durmuşovla birgə baxdıq. O da topun xətti keçmədiyini təsdiqlədi”.

Əliyev MOİK-in əleyhinə təyin olunan penalti qərarını da ədalətsizlik sayıb: “Qapımıza penalti verilməməli idi. Bu haqsızlığa dözə bilmədiyimdən, oyun başa çatmamış paltardəyişmə otağına yollandım. Çünki hakimlər xal qazanmamağımıza bais oldular”.

Qeyd edək ki, “Olimpik”ə məğlubiyyətin ardından MOİK yenə 4 xalla 13-cü pillədə qərarlaşıb.
0