Əsgər Abdullayev hücumçuları yıxıb-sürüdü
22.11.2008 - 22:31
Əsgər Abdullayev hücumçuları yıxıb-sürüdü
“Olimpik”in baş məşqçisi Əsgər Abdullayev komandasının hücumçularından narazıdır. Apasport.az saytının məlumatına görə, bu gün MOİK-lə matçdan sonra təcrübəli çalışdırıcı yetirmələrini tənqid edib.

“Hücumçularımdan çox narazıyam. Oyunda 2-3 real qol imkanından istifadə etməməyi başa düşmək olar. Ancaq təxminən 15 qol şansından yararlana bilməmək hücumçuların ustalıq səviyyəsinin yüksək olmamasından xəbər verir” - deyə Abdullayev vurğulayıb.

Baş məqşçi vurğulayıb ki, ön xətt futbolçularının qeyri-fəallığı arzuolunmaz fəsadlar törədir: “MOİK-lə matçda elə epizodlar yaranırdı ki, orada qol vurmamaq qol vurmaqdan çətin idi, ancaq biz fərqlənə bilmirdik. Belə hal komandamın müdafiə xəttində təşviş yaradır, məşqçiləri isə gərginlikdə saxlayır”.

O, az qala saymazlığın qurbanına çevriləcəklərini söyləyib: “Yetirmələrimə həmişə deyirəm ki, zəif komanda yoxdur, zəif hazırlıq, rəqiblə hesablaşmamaq var. Bu gün rəqibi saymamağımız az qala bizə baha başa oturacaqdı”. Abdullayev, həmçinin “Olimpik”in ikinci qolunun “təmiz” olduğunu, topun qapı xəttindən keçdiyini nəzərə çatdırıb.

Qeyd edək ki, “Olimpik” bu gün Premyer Liqanın növbəti turunda MOİK üzərində 3:1 hesablı qələbə qazanıb. Çempionatın arxada qalan 12 oyununda “təyyarəçilər” 15 dəfə fərqləniblər.
0