Azərbaycan çempionatında yeni qaydalar
24.11.2008 - 11:49
Azərbaycan çempionatında yeni qaydalar
Güləş üzrə növbəti Azərbaycan çempionatı yeni qaydalarla keçiriləcək. Bu haqda apasport.az saytına yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Bəhram Mürvətov məlumat verib. Onun sözlərinə görə, yeniliklər həm sərbəst, həm də yunan-Roma növlərinə tətbiq ediləcək.

Qarşıdakı çempionatda əsas dəyişiklik parterlə bağlı olacaq. Əgər 1-ci dəqiqənin tamamınadək hesab açılıbsa, parterə ehtiyac duyulmayacaq. Əvvəllər isə hesabdan asılı olmayaraq, ilk dəqiqə başa çatan kimi pəhləvanlardan biri püşk nəticəsində parter vəziyyətinə düşürdü.

Yeri gəlmişkən, bundan sonra püşk zamanı torbadan şarları hakim deyil, güləşçi özü çıxaracaq. Eyni zamanda, görüş ərzində idmançılardan hər hansısa 5 xallıq fənd işlədərsə, o, vaxtından qabaq qalib sayılacaq. Həmçinin, 1 hissədə 2 dəfə 3 xallıq fəndə düşən pəhləvan məğlubiyyətlə barışmalı olacaq. Çempionatda digər qaydaların da tətbiqi gözlənilir.

Mürvətov bildirib ki, növbəti milli çempionata Pekin Olimpiadasının gümüş mükafatçıları Rövşən Bayramovla Vitali Rəhimov qatılmayacaq: “Rövşən bu il demək olar, 6 nüfuzlu yarışda iştirak edib. Onun çəkisini salıb, ölkə çempionatında mübarizə aparması məqsədəuyğun deyil. Çünki 3 aydan sonra bizi Dünya Kuboku uğrunda yarış gözləyir. Vitali Rəhimov isə əməliyyatdan təzəcə çıxıb”. Almaniyada cərrahiyə əməliyyatı keçirmiş Afina Yay Olimpiya Oyunlarının qalibi Fərid Mansurov da çempionatdan kənarda qalacaq.

Qeyd edək ki, milli çempionat gələn ay Bakı İdman Sarayında baş tutacaq. Yunan-Roma pəhləvanları dekabrın 18-19-da, sərbəst üsulla güləşənlər isə dekabrın 20-21-də öz bacarıqlarını nümayiş etdirəcəklər.
0