Bakıda hərbçi boksçular arasında dünya çempionatı start götürüb
24.11.2008 - 13:12
Bakıda hərbçi boksçular arasında dünya çempionatı start götürüb
Noyabrın 23-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbçi boksçular arasında XXXXXII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, birincilikdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Ukrayna, ABŞ, Barbados, Belarus, Bolqarıstan, Əlcəzair, Fransa, Hindistan, İtaliya, Konqo, Qvineya, Latviya, Misir, Hollandiya, Özbəkistan, Sloveniya və Şri-Lanka boksçuları da mübarizə aparacaqlar.

Bu kollektivlər arenada yerlərini tutduqdan sonra Azərbaycanın dövlət himni səslənib. Ardınca isə müdafiə naziri, general-polkovnik Səfər Əbiyev yarış iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevinin xoş arzularını və salamlarını çatdırıb. Nazir Silahlı Qüvvələrin şəxsi heyəti arasında 14 növü üzrə yarışlar keçirildiyini və Mərkəzi Ordu İdman Klubunda (MOİK) 26 növdə bölmələrin fəaliyyət göstərdiyini bildirib. Əbiyev hərbçilər arasında boks üzrə dünya çempionatının MDB məkanında ilk dəfə olaraq ölkəmizdə keçirildiyini və 2010-cu ildə Bakıda hərbçilərin güllə atıcılığı üzrə analoji yarışının təşkilinin nəzər nəzərdə tutulduğunu da sözlərinə əlavə edib.

Mərasimdə çıxış edən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) baş katibi, polkovnik Mişel Van Meurs Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərildiyini deyib. 131 ölkənin CİSM-in üzvü olduğunu bildirən Meurs bu təşkilatın “Sülh naminə dostluq” devizi altında hərbçiləri bir araya gətirdiyini xüsusi vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov isə yarışa 19 ölkə təmsilçilərinin qatılmasını yada salaraq, mübarizənin gərgin keçəcəyini bildirib. O, yığmamızın yüksək nəticələr əldə edəcəyinə inandığını deyib.

Qeyd edək ki, noyabrın 30-dək davam edəcək dünya çempionatının mükafatları uğrunda milli komandamızın heyətində Ceyhun Abıyev (48 kq), Rəhim Nəcəfov (51 kq), Samir Məmmədov (54 kq), Elşən İsmayılov (57 kq), Famil Süleymanov (60 kq), Romal Amanov (64 kq), Emil Məhərrəmov (69 kq), Rahib Bəylərov (75 kq), Elnur Qədirov (81 kq), Elçin Əlizadə (91 kq) və Azər Məmmədov (+91 kq) mübarizə aparacaqlar.
0