Dörd döyüşçümüz dünya çempionu oldu
25.11.2008 - 18:46
Dörd döyüşçümüz dünya çempionu oldu
Rusiyanın Medin şəhərində keçirilən universal döyüş üzrə dünya birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 14-15, eləcə də 16-17 yaşlı oğlan və qızlar mübarizə aparıblar. Çempionata 10 idmançı ilə qatılan Azərbaycan yığması Vətənə 6 medalla dönüb.

Fərhad Ocaqverdiyevin yetirmələrindən 4-ü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 14-15 yaşlılardan Nicat Əliyev (75 kq) və Fərəh Rəsulova (62 kq) qızıl medal qazanıblar. Bu yaş qrupunda Vüqar Xəlilovla (45 kq) Elşən Musayev (50 kq) 3-cü yeri tutublar.

Milli komandamız digər qızıl medallara 16-17 yaşlıların turnirində yiyələnib. Orxan Qasımov (60 kq) və Vüsal Bayramov (70 kq) bütün rəqiblərini üstələyərək, əsas mükafata layiq görülüblər.
0