Xaqani Məmmədov: Komandamızdakı yerli futbolçular legionerlərdən zəif deyil
26.11.2008 - 14:54
Xaqani Məmmədov: Komandamızdakı yerli futbolçular legionerlərdən zəif deyil
“Oynamadığım üçün dilxoram. Meydana çıxmaq istəyim böyük olsa da, şans verilmir. Amma səbəbini başa düşə bilmirəm”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Xaqani Məmmədov deyib.

Ötən mövsüm vurduğu 19 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan hücumçu cari mövsümdə 4 oyunda cəmi 121 dəqiqə meydanda olub. Yalnız bir görüşdə əsas heyətdə olan 32 yaşlı futbolçu durumundan narazıdır: “Oynamıramsa, necə razı ola bilərəm? Baş məşqçi Valentin Xodukinlə söhbətim olub. Dediyinə görə, lazım olmasaydım, komandadan çıxarılardım. O, ehtiyatda qalmağımı heyəti rəqibə, taktikaya uyğun qurması ilə əsaslandırıb. Xodukin vaxtı gələndə məni oynadacağını deyib. Hərdən düşünürəm ki, ilk dövrə də qurtarır, bəs mən nə vaxt, kimə qarşı oynayacağam? Futbolçuya özünü göstərmək üçün şans verilməlidir”.

Məmmədov ehtiyatda qalmasında əsas səbəb kimi legionerlərə qoyulan limitin ləğv olunmasını sayır. Ucaboylu boliviyalı hücumçu Andaveris Avqustonun “İnter”in gəlişindən sonra əsas heyətdə yerini itirən Xaqani özünü heç kimdən zəif saymır: “Komandada təkcə özümü yox, yerli futbolçuları legionerlərdən zəif saymıram. Ehtiyatda qalmağımda limitin ləğv olunmasının böyük təsiri var. İndi heç 5-10 dəqiqə də oynamıram. Halbuki, ötən mövsüm əsas heyət üzvü kimi, vurduğum qollarla özümü göstərirdim. Bizdə əsas heyətdə yalnız bir yerli futbolçu – Samir Abbasov meydana çıxır. Fikrimcə, Samirin də mövqeyində legioner olsaydı, o da ehtiyatda qalardı”.

Qeyd edək ki, Xaqani il yarımdır çıxış etdiyi “İnter”də ötən mövsüm ölkə çempionu olub.
0