Feldkamp rəsmən “Qalatasaray”da!
26.11.2008 - 16:04
Feldkamp rəsmən “Qalatasaray”da!
Karl-Haynts Feldkamp yenidən “Qalatasaray”a qayıdıb. Apasport.az saytının İstanbul klubunun rəsmi İnternet saytına istinadən verdiyi məlumatına görə, almaniyalı mütəxəssis cari mövsümün sonunadək komandada müşavir vəzifəsində çalışacaq.

Onun işinin konkret nədən ibarət olacağı açıqlanmasa da, Türkiyə mətbuatı təcrübəli futbol adamının gənc baş məşqçi Mixael Skibbeyə məsləhətlər verəcəyini və oyun taktikasının müəyyənləşdirilməsində ona yardım edəcəyini yazıb.

Feldkamp vəzifəsinin icrasına qeyri-rəsmi olaraq, hələ ötən ay başlayıb. O, “sarı-qırmızılılar”ın UEFA kubokunun qrup mərhələsindəki rəqibi “Olimpiakos”un (Yunanıstan) oyununu izləyərək, lazımi məlumatları istanbullulara çatdırmışdı.

Qeyd edək ki, 74 yaşlı Feldkamp 1992-1993-cü və 2007-2008-ci illərdə “Qalatasaray”ın baş məşqçisi olub və komanda hər iki mövsümü çempion kimi tamamlayıb. Almaniyalı məşqçi öz ölkəsində “Bayer” (Yurdingen), “Kayzerslautern”, “Borussiya” (Dortmund) və “Arminiya” (Bielfeld) komandalarını çalışdırıb.
0