Xodukin: “Birlik kuboku”nun üçüncü dəfə Azərbaycana gətirilməsinə imkan verməzlər!
27.11.2008 - 11:54
Xodukin: “Birlik kuboku”nun üçüncü dəfə Azərbaycana gətirilməsinə imkan verməzlər!
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində potensial rəqiblərimizlə maraqlanmıram. Onsuz da püşk bizdən asılı deyil. Kiminlə düşsək, onunla da oynayacağıq. Belə olan halda, nəyə görə baş sındırmalıyam?” Bunu apasport.az saytına açıqlamasında Azərbaycanı “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində təmsil edəcək Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Gələn ilin yanvarında Moskvada keçiriləcək turnirə hazırlığın bir mərhələsi kimi baxan 69 yaşlı ukraynalı mütəxəssis bütün komandaların çətinliklə üzləşəcəyini bildirib: “Bu da istirahətdən sonra hazırlığa yeni başlamaqla bağlıdır. Hesab edin ki, biz Moskvada təlim-məşq toplanışı keçəcəyik. Bu zaman istədiyin komanda ilə qarşılaşmaya bilərsən. Bir sıra komandalar yarışdan imtina etsə belə, Rusiya paytaxtında maraqlı və gərgin mübarizə gözlənilir. Son Rusiya çempionu “Rubin” turnirə əvəzedici komanda göndərsə belə, onu zəif saymıram. Çünki Kazan klubunda səviyyəli futbolçuların çox olduğunu bilirəm. Orada bir illik müqaviləyə görə 100 min qriven qazanan futbolçu yoxdur”.

“Birlik kuboku”na yalnız sınaq prosesi kimi yanaşmayan Xodukin həm də nəticə qazanmaq iddiasındadır. Ancaq son Azərbaycan çempionunun çalışdırıcısı kubokun yenə Bakıya gəlməsinə bir qədər ehtiyatla yanaşırlar: “Sizcə, kubokun son dörd ildə üçüncü dəfə Azərbaycana gəlməsinə razı olarlar? Məgər “Birlik kuboku” Azərbaycan çempionatıdır? Deyə bilmərəm ki, “Neftçi” və “Xəzər-Lənkəran”ın kuboku qazanmasından sonra “İnter”in də turnirin favoritidir. Sadəcə, bu klubların uğurlu çıxışı Azərbaycan təmsilçilərinə ciddi rəqib kimi qəbul etməyə zəmin yaratdı. Bu mənada rəqiblərimiz bizimlə oyuna ciddi yanaşacaq”.

Qeyd edək ki, “İnter”in rəqibləri dekabrın 1-də Moskvada bilinəcək.
0