Testimitsianu “İnter”dən ayrıldı
27.11.2008 - 12:21
Testimitsianu “İnter”dən ayrıldı
Moldovalı futbolçu İon Testimitsianu Bakının “İnter” klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi vətəninə gedib. Onun Premyer Liqada ilk dövrə bitməmiş komandanın düşərgəsini tərk etməsi cəzalı olması ilə bağlıdır. Cari mövsümdə 4-cü sarı vərəqəsini Yevlaxda “Karvan”la oyunda alan Testimitsianu bu səbəbdən son turda “Bakılı” ilə görüşü buraxacaq.

“İnter”in digər oyunçuları Samir Abbasovla çexiyalı yarımmüdafiəçi Bronislav Çervenka da eyni səbəbdən noyabrın 30-da oynamayacağına baxmayaraq, düşərgədə qalıb. Komandanın ukraynalı baş məşqçisi Valentin Xodukin moldovalı futbolçunun istirahətə bir qədər tez yollanmasına imkan yaradıb. İonun ölkəmizə qayıdışı ən yaxşı halda, fevralda reallaşa bilər. Məsələ ondadır ki, “İnter” ikinci dövrəyə hazırlığa yanvarın 3-də Türkiyədə bir araya gəlməklə başlayacaq. İlk dəfə təmsil olunacağı “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə Türkiyədə hazırlaşacaq komandamız yarışda çıxışını başa vurduqdan sonra da bu ölkəyə təlim-məşq toplanışına yollanmağı planlaşdırıb. “İnter”in fevralın əvvəlində Azərbaycana qayıdacağı gözlənilir.
0