Hacıyevski: “Bakı” nəyə qadir olduğunu sübut edəcək
27.11.2008 - 12:29
Hacıyevski: “Bakı” nəyə qadir olduğunu sübut edəcək
“Komandamızın 12 turdan sonra dördüncü yerdə qərarlaşması heç də pis deyil. Əsas məqsədimiz çempionluqdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib. Klubun rəsmi internet saytına müsahibə verən makedoniyalı çalışdırıcı birinci dövrənin yekununda yetirmələrindən razı qalıb: “Turdan-tura futbolçular meydanda bir-birlərini daha yaxşı anlaşmağa başladı. Komandamın öz oyununu tam göstərdiyini deyə bilmərəm. İkinci dövrədə “Bakı” nəyə qadir olduğunu tam sübut edəcək. Yayda komandaya təcrübəli futbolçular cəlb olundu. Onların hər biri müxtəlif vaxtlarda avrokuboklarda çıxış edib. Mən bütün futbolçularımdan razıyam. İstər yeni, istərsə də köhnələrdən”.

Hacıyevski qış fasiləsində ciddi dəyişiklərin olmayacağını da komandadan razı qalması ilə izah edib. O, legionerlərə yenidən limitin tətbiq olunması haqda yayılan xəbərlərə də münasibət bildirib: “Komandamızda böyük dəyişiklik gözləməyin. Kollektiv artıq öz oyunun tapıb. Belə vəziyyətdə 3-4 futbolçu cəlb edə bilərik. Əsasən, hücum və yarımmüdafiəni gücləndirmək barəsində fikirləşirik. Artıq bir neçə futbolçu ilə danışıqlara başlamışıq. Bu gün bir neçə komandalarda səviyyəli legionerlər var. Azərbaycanda top qovan əcnəbilərin ən əsas özəlliyi, əsasən cənubi Amerika və Balkan yarımadasından bura üz tutanlardı. İnanıram ki, yaxın zamanlarda buraya, karyerasının qürub çağını yaşayan səviyyəli legionerlər yox, gənc və uzun müddət komandasına xeyir verəcək futbolçular da ayaq açacaq. Limitin olmaması müsbət haldır. Bu gün Almaniya Bundesliqasının lideri “Hoffenhaym”nın heyətində yerli futbolçu barmaqla sayılan qədər azdır. Onda belə çıxır ki, Almaniyada yerli futbolçuların səviyyəsi aşağıdır? Almanlar dünya və Avropa çempionatlarında daim final mərhələlərində oynayır. Futbolda yerli və legioner anlayışı nisbidir. Komanda nəticə qazanmaq üçün oynayır”.
0