Yavaş “Qəbələ”yə Feldkampa görə gəlib
27.11.2008 - 13:49
Yavaş “Qəbələ”yə Feldkampa görə gəlib
“Qəbələ” futbol akademiyasının direktoru Əli Yavaşın uzun illər çalışdığı “Qalatasaray” klubundan ayrılmasının səbəbkarı Karl-Hayns Feldkamp olub. Apasport.az saytının məlumatına görə, ölkəmizdə çalışacaq türkiyəli mütəxəssis alman həmkarının rəhbərliyi altında işləmək istəməyib.

Türkiyə mətbuatının yazdığına görə, ötən mövsümün sonlarında 74 yaşlı Feldkampın o vaxt hələ prezident olmayan Adnan Polatla anlaşması Yavaşa təsir edib. Belə ki, bu ilin martında əldə olunan həmin razılığa əsasən, Feldkamp mövsüm bitəndə baş məşqçi vəzifəsindən gedərək klubda başqa vəzifədə çalışacaqdı. Həmin vəzifə əlavə səlahiyyətlərin də verilməsi şərti ilə aşağı yaş qruplarına rəhbərlik etməsi idi. Feldkamp rəhbərliyi altında çalışacağı heyəti özü müəyyənləşdirəcək, özü meydana çıxmadan baş məşqçiləri idarə edəcəkdi. Aşağı yaş qruplarının 74 yaşlı mütəxəssis tərəfindən idarə olunması yönündə bəzi addımlar da atıldı. Həmin vaxt aşağı yaş qruplarının rəhbəri olan Yavaş bütün baş verənlərdən xəbərdar olan kimi narahatçılığını dilə gətirərək istefa verib.

Qeyd edək ki, Yavaş “Qəbələ” ilə üç illik müqavilə bağlayıb.
0