Əli Hüseynov: UEFA məni qəbul edir, amma AFFA yox!
27.11.2008 - 16:07
Əli Hüseynov: UEFA məni qəbul edir, amma AFFA yox!
“Premyer Liqanın oyunlarına AFFA nümayəndəsi kimi təyinat almağım bəzi yoldaşların xoşuna gəlmirdi. Buna görə də indi məni daxili çempionatın qarşılaşmalarına nümayəndə qismində göndərmirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sabiq sədri Əli Hüseynov deyib.

2007-ci ilin iyulunda Hakimlər Komitəsinin sədri vəzifəsindən istefaya göndərilmiş Hüseynov üzləşdiyi vəziyyətdən narazıdır. O, beynəlxalq miqyaslı oyunlara UEFA nümayəndəsi kimi təyinat aldığı halda, daxili yarışlardan kənarda qalmasının anlaşılmaz olduğunu bildirib: “Avropa məni qəbul edir, amma burada mənə güvənmirlər. Bunu kimlərin etdiyini təxmini bilirəm. Onlar səlahiyyət sahibi olsalar da, futboldan uzaq adamlardır”.

Hazırda idman məktəblərinin birində təlimatçı vəzifəsini daşıyan sabiq sədr AFFA rəhbərliyinə müraciət edib: “Assosiasiya rəhbərliyindən xahiş etmişəm ki, Premyer Liqa oyunlarında AFFA nümayəndəsi olmağıma şərait yaratsınlar. Məktubum qeydə alınsa da, mənə cavab yazmayıblar. Hər halda, məktubuma müsbət və ya mənfi cavab vermək olardı”.

Hüseynov ölkə çempionatında hakimlərin idarəçiliyinə də toxunub. O vurğulayıb ki, inamsızlıq şəraitində ədalət prinsiplərini qorumaq çətindir: “Mətbuatda, futbol ictimaiyyətində hakimlər haqda o qədər tənqidi fikirlər səsləndirilir ki, nəticədə inamsızlıq yaranır. Ədalət təmsilçiləri Hakimlər Komitəsi, eləcə də AFFA-nın digər rəsmilərinin yanında etibarlarını itirirlər. Hakim meydana çıxanda bilmir nə etsin”.

Sabiq sədr vaxtilə mətbuatın köməyindən yararlandığını da etiraf edib: “Mən sədr olanda, mətbuatda yazılanlar hakimlərə inamımı azaltmırdı. Hakimlərə o vaxt da inanırdım, indi də inanıram. Lakin hərdən elə yazılar dərc olunurdu ki, onların mənə həqiqətən çox köməyi dəyirdi. Hətta mətbuatda işıq üzü görən məqalə sayəsində uçurumdan qurtardığım vaxt da olub”.

Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabarov isə bildirdi ki, Əli Hüseynov növbəti çempionatda AFFA nümayəndəsi və hakim-inspektor olmaq üçün komitəyə vaxtından gec müraciət etdiyi üçün o bununla əlaqədar keçirilən imtahana buraxılmayıb. XVII çempionatın ikinci dövrəsi üçün imtahanlar gələn ilin əvvəlində keçiriləcək. O, həmin vaxt imtahanlardan uğurla keçərsə, bu dövrədə keçirilən oyunlara təyinat ala bilər.
0