“Neftçi” “Qalatasaray” və “Beşiktaş”dan güclü imiş...
28.11.2008 - 11:21
“Neftçi” “Qalatasaray” və “Beşiktaş”dan güclü imiş...
Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klublarının UEFA kubokunda qənimi olan Ukrayna “Metallist”i “Neftçi”dən üstün ola bilməyib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu komandası olan “Neftçi” SSRİ çempionatlarının güclülər dəstəsində Ukrayna təmsilçisi ilə 20 dəfə qarşılaşıb.

“Metallist”lə matçların 7-də qalib gələn flaqman eyni sayda uduzub. Daha 6 görüş isə “sülh”lə nəticələnib. “Neftçi”ni qələbə sayında üstələyə bilməyən xarkovlular yalnız top fərqində öndədirlər – 19:18.

Ukraynalılara öz meydanında uduzan “Qalatasaray”dan fərqli, flaqman “Metallist”in kürəyini Bakdakı oyunların yarısında yerə çırpıb. 10 oyunda 5 qələbə qazanan bakılılar 46 il əvvəl xarkovluları 4:0 hesabı ilə də darmadağın edib. Azərbaycan səfərlərində yalnız 1 qələbə və 4 heç-heçə ilə təsəlli tapıb. “Neftçi”nin meydanındakı oyunlarda top fərqində üçqat üstünlük təmsilçimizin tərəfindədir – 12:4.

Onu da vurğulayaq ki, “Neftçi” vaxtilə “Qalatasaray”la keçirdiyi yoldaşlıq matçlarında da uduzmayıb – 5:0 və 2:2.

Qeyd edək ki, “Beşiktaş”ı UEFA kubokundan kənarlaşdıran (0:1, 4:1) “Metallist” “Qalatasaray”ı İstanbulda 1:0 hesabıyla məğlub edib.
0