Əhməd Ticani: Azərbaycanda səviyyəli hücumçu yoxdur!
28.11.2008 - 12:48
Əhməd Ticani: Azərbaycanda səviyyəli hücumçu yoxdur!
“İlk dövrədəki çıxışımdan razı deyiləm. Müxtəlif səbəblərdən öz oyunumu tam göstərə bilmədim. “Qafqaz Universiteti” ilə kubokun cavab oyununda zədələnməyim çıxışıma təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın nigeriyalı hücumçusu Əhməd Ticani deyib.

Klubun rəsmi internet saytına müsahibə verən 21 yaşlı futbolçu komandasının çempionluq iddiasında olduğunu bildirib: “Artıq həkimlər məşq etməyimə icazə verir. Söz verirəm ki, ikinci dövrədə daha yaxşı oynayacağam. “Bakı” çempion olacaq! Bizim başqa məqsədimiz yoxdur. Bu gün komandada hamı bu məqsəd üçün çalışır. İstər futbolçular istərsə də texniki heyət”.

Ticani Azərbaycanda səviyyəli hücumçunun olmadığını düşünür: “İldən ilə hiss edirik ki, komandalar daha da cəld, sürətli futbol sərgiləyir. İndi üç il əvvəl ən yaxşı sayılan bəzi futbolçular çatdıra bilmir. Sürət və fiziki göstəriciləri zəif olan komandalar bu mövsüm mükafatçılar sırasına düşə bilməyəcəklər. Düzünü desəm, bu mövsüm Premyer Liqada yaxşı hücumçular çox azdır. Xüsusilə, fərqləndirə biləcəyim sabit hücumçu yoxdur. Bir oyun üç qol vurub 5 oyun vura bilməmək hücumçunun əla olması deyil. Stabil oyun göstərən futbolçu görmürəm. Məncə, burada yarımmüdafiəçilər hücumçulardan daha təhlükəlidir”.

Milliyə də çağırılan Ticani yığma karyerasının alınmamağına təəssüflənməklə yanaşı, baş məşqçi Berti Foqtsdan dəvət gözləyir: “Berti Foqts məni əsas milli komandaya dəvət etmişdi. Bu şansdan istifadə etmək istəyirdim. Lakin atamın vaxtsız vəfat etməsindən sonra, təcili Nigeriyaya qayıtmalı oldum. Bu səbəbdən də, millinin düşərgəsində ola bilmədim. Lakin Foqtsdan təklif gözləyirəm. Milli komandaya dəvət alsam, bunu özümə şərəf hesab edərək, bacardığımı edəcəyəm. İkinci dövrədə onun məni də yada salacağını gözləyəcəyəm”.
0