Nəhs turda neçə seriya qırılacaq?
28.11.2008 - 12:53
Nəhs turda neçə seriya qırılacaq?
Azərbaycan Premyer Liqasının XIII turunda keçiriləcək oyunlar bir neçə seriyanın qırılması ilə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, “Qarabağ”, “Olimpik”, “Simurq”, “Qəbələ” və “Bakılı” komandaları özləri üçün uğursuz sayılan rəqibləri ilə görüşlərdə sindromu qırmağa çalışacaqlar.

“Qarabağ” tarixi ərzində “Karvan”ı öz meydanında məğlub edə bilməyib. Ağdamlıların meydanında keçirilən 4 görüşdən ikisində qonaqlar qələbə qazandıqları halda, iki matç heç-heçə nəticələnib. Ümumiyyətlə, “Qarabağ” 45 aydır “Karvan”a qalib gələ bilmir. Yalnız bir dəfə - 2005-ci il fevralın 27-də ağdamlılar Yevlax təmsilçisini üstələyiblər. Həmin vaxt “Qarabağ” səfərdə minimal hesablı qələbə qazanıb. Bundan başqa, “Karvan” ağdamlılarla keçirdiyi son üç oyunda qapısından qol buraxmayıb.

“Olimpik” isə “Neftçi” ilə səfər oyunlarında qol həsrəti yaşayır. Əsgər Abdullayevin yetirmələri flaqmanın qonağı olduğu üç görüşün heç birində fərqlənməyi bacarmayıblar. “Qəbələ”ni qəbul edən “Turan” isə növbəti xalını qazanmaqla, ənənəni davam etdirmək imkanına malikdir. Belə ki, qəbələlilər indiyədək Tovuzda keçirilən iki çempionat matçının heç birində qələbə qazana bilməyiblər.

“Simurq” tarixi ərzində “Xəzər-Lənkəran”a qalib gəlməyi bacarmayıb. İndiyədək komandaların Premyer Liqada baş tutan 4 oyunun 2-də bir xalla kifayətlənən Zaqatala komandası digər iki qarşılaşmada uduzub. Lənkəranlılar bu rəqibi ilə bütün oyunlarda qol vurub.

Premyer Liqanın lideri “İnter” “Bakılı” ilə görüşlərdə xal itirməyib. Premyer Liqanın tarixi ərzində 4 dəfə üz-üzə gələn paytaxt təmsilçilərinin bütün matçlarında “İnter” üstün olub.
0