Portuqaliya - Azərbaycan matçı baş tutmayacaq
01.12.2008 - 15:20
Portuqaliya - Azərbaycan matçı baş tutmayacaq
2009-cu il aprelin 1-də Portuqaliya və Azərbaycanın futbol yığmaları arasında keçirilməsi nəzərdə tutulan beynəlxalq yoldaşlıq görüşü baş tutmayacaq. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Portuqaliyalılar bir müddət öncə milli komandamızı qəbul etməyə hazır olduqlarını bildirsələr də, sonradan təklifdən imtina ediblər.

“Biz Portuqaliya Futbol Federasiyasının rəsmilərinə dəfələrlə müraciət göndərdik. İlkin razılıq əldə etməyimizə baxmayaraq, qarşı tərəf qeyri-müəyyən səbəbdən fikrindən daşınıb” - deyə Məmmədov vurğulayıb.

Baş katib hazırda gələn ilə yoldaşlıq görüşləri üçün rəqib axtardıqlarını söyləyib: “Yığmamızın ilk yoldaşlıq matçı fevralın 11-də olacaq. Bir sıra komandalarla danışıqlar aparırıq. Biz həmin tarixdə səfərdə oynamaq istəyirik”.

Məmmədov bildirib ki, aprelin 1-də də milli komandamız rəqibsiz qalmayacaq: “1 aprel FİFA tərəfindən yoldaşlıq oyunları üçün ayrılmış “pəncərə”dir. İnanıram ki, tezliklə uyğun rəqib tapacağıq. Çünki gələn il martın 28-də dünya çempionatının seçmə mərhələsində Rusiya ilə qarşılaşmadan sonra boş oturmaq məqsədəuyğun deyil. Çalışırıq ki, milli komandamız 4 gündə 2 matç keçirməyə öyrəşsin”.
0