Əli İsmayılov: Döyüşməyə Vətən yaxşı!
01.12.2008 - 16:58
Əli İsmayılov: Döyüşməyə Vətən yaxşı!
“Bəlkə də ilk baxışdan çempionluq titulumu çətinlik çəkmədən müdafiə etdiyim görünə bilər. Amma bu, heç də belə deyil. Hər şey gözlənilmədən alındı. Birinci dəqiq və güclü zərbədən sonra rəqibim özünü itirdi. Mən də bundan istifadə edib, onun toparlanmasına imkan vermədim”. Bunu apasport.az saytına açıqlamasında üçüncü dəfə WBO Latino versiyası üzrə “Qızıl kəmər”i müdafiə edən Əli İsmayılov deyib.

34 yaşlı peşəkar boksçu Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan döyüşdəki argentinalı rəqibi Rodolfo De Dominiçis haqda yüksək fikirlər söyləyib: “Rəqibim hücum etməyi sevən idmançıdır. Bu səbəbdən mən daha çox ehtiyatlı döyüşə üstünlük verdim. Yekunda əks-hücum taktikam özünü doğrultdu”.

İsmayılov gələcək planlarına da toxunub. Bu il daha rinqə çıxmayacağını deyən boksçu 2009-cu ildə yeni titul uğrunda mübarizə aparacağını vurğulayıb: “Fevralda Sankt-Peterburqda reytinq xarakterli növbəti döyüş keçirəcəyəm. Özü də çox güman italiyalı boksçu ilə qarşılaşacağam. Martda isə İBF versiyası üzrə qitələrarası çempion kəməri uğrunda yarışmaq fikrim var. Rusiyalı promouterim Aleksandr Yaqupov bu məsələ ilə bağlı bir neçə gündən sonra Bakıya gələcək. O, Milli Olimpiya Komitəsi, eləcə də Gənclər və İdman Nazirliyində görüşlər keçirəcək. Bu döyüşün martda Bakıda təşkilinə çalışacağıq. İstəyimiz baş tutmasa, yenə Sankt-Peterburqda döyüşməli olacağam”.
0