Anatoli Ponomaryov yenə Yunanıstan yolunda
01.12.2008 - 17:44
Anatoli Ponomaryov yenə Yunanıstan yolunda
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Anatoli Ponomaryov karyerasını Yunanıstanda davam etdirməyə yaxındır. Bu haqda apasport.az saytına məlumat verən Ponomaryov Elladaya yollanır. Vaxtilə Yunanıstanın “Ksanti” klubunda oynamış 26 yaşlı futbolçu yenidən bu ölkənin çempionatında çıxış edə bilər.

Anatoli baxışdan keçməyə bir o qədər də ehtiyac olmadığını söyləyib: “Yunanıstan mənə yaxşı tanış olan ölkədir. Orada “Ksanti” klubunun formasını geyindiyim vaxt işlərim heç də pis getmirdi. Yunanlar oyunumu son klubumda, “Degerfors”da görüblər. İsveçin birinci liqası seleksionerlərin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, məşhur isveçli hücumçu Zlatan İbrahimoviç Hollandiyanın “Ayaks” klubuna keçərkən, yüksək liqada oynamırdı. Onun həmin vaxt şərəfini qoruduğu “Malmö” klubu İsveç çempionatının aşağı divizionunda mübarizə aparırdı”.

Təklif aldığı klubun adını gizli saxlayan Ponomaryov vurğulayıb ki, bunu məsələ həllini tapdıqdan sonra açıqlayacaq: “İndidən onu deyə bilərəm ki, mənimlə maraqlanan klub yüksək liqada çıxış edir. Yenidən Yunanıstanın güclülər dəstəsində oynamağa özümdə güc hiss edirəm. Klubla birbaşa danışıqlara gedirəm və onların şərtləri ilə tanış olduqdan sonra qərar verəcəyəm. Bir müddət öncə Belçika klubları mənə elçi düşsələr də, xəbər-ətər çıxmadı. İsveçdə qalmaq variantı olsa da, ölkədən kənarda çıxış etmək istəyirəm. Müqavilə ilə məxsus olduğum İsveçin HAİS klubu ilə danışmışam. Onlar başqa kluba keçidimə görə təzminat istəməyəcəklər”.

Ponomaryov yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts tərəfindən üç günlük təlim-məşq toplanışına da qatılmayıb. Futbolçu bunu Yunanıstana təcili səfəri ilə əlaqələndirib: “Hazırda hava limanında reys gözləyirəm. Təcili Yunanıstana getməliyəm. Milli komandanın hazırlığına qatılmağı çox istəyirdim. Sadəcə, səfərimlə toplanışın vaxtı üst-üstə düşdü və Bakıya gələ bilmədim. Buna görə məyus oldum. Ancaq digər tərəfdən, yığma oyunçusu olduğumdan özümə tezliklə klub tapmalıyam. Mənə dəvət göndərən klubun prezidenti heyətin gücləndirilməsi ilə bağlı işlərlə məşğuldur və görmək istədiyi futbolçuları danışıqlara çağırıb. Bütün bunları yığma məşqçilərinin diqqətinə çatdıraraq, mənə imkan yaratmağı xahiş etdim. Sağ olsunlar, onlar mənə problem yaratmadılar”.

Qeyd edək ki, Yunanıstanın “Ksanti” klubunda 2003/04 mövsümündə oynamış Ponomaryov 5 matçda meydana çıxıb.
0