“Simurq”un qapıçısı: Məsuliyyəti öz boynumdan atmıram
02.12.2008 - 11:54
“Simurq”un qapıçısı: Məsuliyyəti öz boynumdan atmıram
"Son saniyələrdə qol buraxdığımıza görə hamımız məyus olmuşduq. Fikrimcə, “Xəzər-Lənkəran”la oyunda qələbəyə layiq idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” komandasının qapıçısı Taras Çopik deyib.

Klubun rəsmi İnternet saytına açıqlama verən ukraynalı futbolçu Azərbaycan Premyer Liqasının XIII turunda xal itirmələrinin məsuliyyətini öz üzərinə götürüb. Çopik bildirib ki, “Simurq” - “Xəzər-Lənkəran” matçında (2:2) qonaqların ikinci qolunun qarşısını almaq iqtidarında olub: “İkinci qol epizodunda rəqibin zərbəsi zamanı top oyunçularımızdan birinə toxunub, istiqamətini dəyişdi. Bu ani toxunuş məni çaşdırdı. Belə topları dəfələrlə qaytarmışam. Amma məsuliyyəti öz boynumdan atmıram. Komandanı xilas etmək üçün əlimdən gələni etdim. Təəssüf ki, hər şey istədiyim kimi alınmadı”.

36 yaşlı legioner qapıçı birinci dövrənin yekunundan da razı qalıb. Çopik 13 turdan sonra ilk “üçlük”də qərarlaşmalarının da sirrini açıqlayıb: “Bütün oyunlarda sonadək mübarizə apardıq. İkinci dövrədə də belə olacaq. "Simurq"un əsas gücü mübarizə əzmində və kollektivdə hökm sürən əla ab-havadadır".

Qeyd edək ki, Çopik cari mövsüm Premyer Liqanın hər 13 matçını əvəzolunmadan meydanda keçirib. Ümumiyyətlə, ukraynalı futbolçu “Simurq”un heyətində oynadığı 25 qarşılaşmada 17 qol buraxıb.
0