Mixaylo da “Xəzər-Lənkəran”ı “sancdı”
02.12.2008 - 12:35
Mixaylo da “Xəzər-Lənkəran”ı “sancdı”
Zaqatalanın “Simurq” klubunun kapitanı Mixaylo Starostyak da Premyer Liqanın birinci dövrəsinin son turunda “Xəzər-Lənkəran”la oyunun nəticəsindən məyusdur. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi 2:2 hesabı ilə başa çatan qarşılaşmada qələbəyə layiq olduqlarını düşünür.

"Xəzər-Lənkəran"ın gücünə hörmət edirik. Ancaq planlaşdırmadığımız xal itkisi ilə üzləşdik. Layiq olduğun qələbəni axırıncı saniyələrdə əldən vermək həmişə üzücüdür. “Xəzər-Lənkəran”a qalib gələ bilməsək də, ruhdan düşmürük” - deyə Mixaylo vurğulayıb.

Ukraynalı futbolçu deyib ki, “Simurq”un Azərbaycan Premyer Liqasının ilk dövrəsini 3-cü pillədə başa vurması təsadüfi deyil: “Potensialımız daha yaxşı nəticələr qazanmağa imkan verir. Avqustdan indiyədək müəyyən səviyyədən aşağı enməmək üçün çox işlər görmüşük. Bu uğurlu işləri davam etdirəcəyik”.

“Xəzər-Lənkəran”la görüş Starostyak üçün şəxsi göstərici baxımından əlamətdar olub. Belə ki, Premyer Liqada yubiley - 50-ci oyununa çıxan təcrübəli futbolçu bununla da, komandasında ilkə imza atıb: "Simurq"un heyətində Premyer Liqada 50-ci oyununa çıxan ilk futbolçu olmaq qürurvericidir. Klubun inkişafı üçün nəsə edə bilirəmsə, bununla fəxr hissi keçirirəm. Zaqatalada özümü yaxşı hiss edirəm. Şəhər, komandanın şəraiti, azarkeşlərimiz ürəyimcədir. Bizə dəstək olduqlarına görə onlara təşəkkür edirəm”.

Qeyd edək ki, iki ildir “Simurq”da oynayan Mixaylo ölkəmizə gələn ən titullu futbolçulardandır. Uzun illər Donetskin “Şaxtyor” klubunda çıxış etmiş müdafiəçi vətənində həm çempionluq, həm də kubok qazanıb. Vaxtilə Ukrayna milli komandasının şərəfini qorumuş Starostyak Çempionlar Liqasında qrup mərhələsinin oyunlarının da iştirakçısı olub.
0