Silva: Güclü futzalçı tapsaq, milliləşdirəcəyik
02.12.2008 - 13:37
Silva: Güclü futzalçı tapsaq, milliləşdirəcəyik
“Azərbaycandan kənarda güclü oyunçu tapsaq, mütləq yığmaya cəlb edəcəyik. Amma ilk növbədə sərəncamımdakı futzalçılarla tanış olmalıyam. Daha sonra rəhbərliklə milliləşmə haqda müzakirələr aparacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın futzal üzrə milli komandasının yeni baş məşqçisi Joze Alessio da Silva deyib.

AFFA-nın rəsmi İnternet saytına müsahibə verən braziliyalı mütəxəssis bildirib ki, Azərbaycan futzalı ilə geniş tanışlığı yoxdur: “Etiraf edim ki, cəmi bir dəfə sizin klubla Almatı şəhərində qarşılaşmışam. Həmin komandanın adı yadımda qalmayıb. Buna baxmayaraq, yığmadakı braziliyalıları yaxşı tanıyıram. Onlar güclü futzalçılardır”.

Silva Avropa çempionatının seçmə mərhələsinin hazırlığına da toxunub: “Əlbəttə, çətin qrupa düşmüşük. Polşa və Portuqaliya güclü rəqiblərdir. Amma mümkünsüz heç nə yoxdur. Sadəcə, ciddi hazırlaşmalıyıq. Vaxtımız çox azdır. Üç aydan sonra seçmə mərhələnin oyunları başlayır. Yəqin ki, iki mərhələdən ibarət hazırlıq keçəcəyik. Təlim-məşq toplanışını böyük ehtimalla, Moskvada olacaq. Çünki Rusiya paytaxtı güclü rəqiblərlə yoldaşlıq görüşü keçirmək üçün daha əlverişlidir”.

Qeyd edək ki, Silvanın məşqçilik karyerası yalnız Rusiya ilə bağlıdır. Braziliyalı Moskva “Spartak”ının məşqçisi, az sonra baş məşqçisi olub. Ardından TTQ klubunda çalışan Silva Qazaxıstanın “Kayrat” komandasına da rəhbərlik edib. O, heç vaxt Braziliyada işləməyib. Silva TTQ-ya Rusiya birinciliyinin bürünc medalını, “Spartak”a isə ölkə çempionluğunu və superkuboku qazandırıb. Onun rəhbərliyi altında “Spartak” UEFA kubokunun yarımfinalınadək irəliləyib. Yığmamızın yeni baş məşqçisi “Kayrat”a da Qazaxıstan çempionluğu və ölkə kubokunu qazandırıb.
0