Kamran Ağayevin cavanlıq səhvi
04.12.2008 - 17:08
Kamran Ağayevin cavanlıq səhvi
...Hələ “Xəzər-Lənkəran” yayda UEFA kubokunda Polşa “Lex”i qarşısında sürünəndə, yazmışdım ki, cənab Mübariz Mənsimov Azərbaycanın bəzi futbolçularını harınlaşdırıb. Onun futbolçuyabənzərlərin yolunda səxavətlə milyonlar xərcləməsi həmişə fəsad törədib, törədir və törədəcək. İnanmırsınızsa, aşağıdakı inanılmaz olayın təfərrüatı ilə tanış olun.

* * *

Dünya şöhrətli qapıçı, üçqat Avropa çempionu, dünya çempionatının gümüş medalçısı, iki dəfə “Qızıl top” mükafatının qalibi Kamran Ağayev qəzəblənib. Guya “Zerkalo” qəzetinin əməkdaşı Rüstəm Mikayıllı onun şəxsi həyatına toxunub, şayiələr yazıb və s. və ilaxır. Açığı, mən Rüstəmin futbolçunun şəxsi həyatı barədə hər hansısa məqaləsinə rast gəlməmişəm. Bundan başqa, jurnalistin Kamranla üzbəüz söhbət zamanı nə danışmasının da şahidi olmamışam. Bu, onların öz işidir. Necə deyərlər, kişinin yanında baş kəsərlər. Amma futbolçu bəlkə özü də bilmədən böyük səhv buraxıb. Cavanlıq səhvi...

* * *

Kamran Ağayev müsahibə verərək, Azərbaycanın bütün jurnalistlərini təhqir edib. Milli komandamızın qapıçısı elə belə də deyib: “Siz, jurnalistlər 5 manata tərifləyirsiniz, sonra isə üzünüzə tüpürürlər”. Bu, orta statistik azərbaycanlı futbolçunun səviyyəsidir. Bu, gözünü pul tutmuş insanın iyrənc sayıqlamasıdır. Bu, ömrü boyu bir dəfə olsa belə “Fəlsəfə” kitabını açıb, şəxs və şəxsiyyət anlayışlarının fərqinə varmayan adamın intellekt işığının sıfır Volta bərabər olması deməkdir.

* * *

Əgər Kamranda cəsarət, mətanət, şücaət, eləcə də sonu “ət”lərlə qurtaran lazımi hissiyyat növləri varsa, onda gəlsin və sübuta yetirsin: nə vaxt Azərbaycan idman jurnalistləri, daha doğrusu bizlərdən biri 5 manat alıb kimisə tərifləmişik, sonra isə üzümüzə tüpürüblər? Bu, həmin Kamran Ağayevdir ki, bir neçə il öncə “Məhsul” stadionunda jurnalistlərlə birgə futbol oynayırdı və belə şərəfə nail olduğundan özünü xoşbəxt sayırdı. Keçmişini unudanın gələcəyi olmaz. Ancaq və ancaq Ağayev kimisi “futbolu xalq üçün yox, nəticə üçün oynayıram” deyə bilər. Bəlkə Kamran Azərbaycan yığmasının şərəfini qoruduğu, üçrəngli bayrağımızın simvollarını əks etdirən formanı əyninə geyindiyi üçün utanır? Yoxsa o, Vətən, xalq, torpaq, mənəvi borc anlayışlarının məsuliyyətini dərk etmir?

* * *

Azərbaycan futbolçusu üçün etalon bunlardır: milli çempionat, ölkə kuboku və “Birlik kuboku”, vəssalam! Azərbaycan çempionu, kubokun qalibi və “Birlik kuboku”na sahib çıxan Kamran elə düşünür ki, karyerasında hər şeyə nail olub. Bu 22 yaşlı gənc bütün “mümkün” titullara yiyələndiyi üçün jurnalistləri təhqir etmək lazım gəldiyini fikirləşir. Amma unudur ki, onun az-çox tanınmasında mətbuatın misilsiz əməyi var. Media orqanları belələrinə diqqət ayırmasaydı, yəqin ki, onlar çoxdan itib-batmışdılar. Biz isə Ağayev kimilərindən fərqli, bu zəhməti xalqımız, Vətənimiz üçün çəkirik.

* * *

Heyf ki, indi Azərbaycan jurnalistinin əməkhaqqısı futbolçudan qat-qat aşağıdır. Yalnız Kamran Ağayev kimiləri bunu əsas götürüb, mətbuat nümayəndəsinə yuxarıdan aşağı baxa bilər. Çünki belələrinin Tanrısı puldur. Həm də “balıq başdan iylənər”. Kamranın şərəfini qoruduğu klubun vitse-prezidenti Araz Nəsirov bəzən nə danışdığının fərqinə varmırsa, iki gündən bir təzyiq xarakterli mənasız bəyanat verirsə, daha onun futbolçusundan nə gözləyəsən?

* * *

Görəsən, nəyə görə axır vaxtlar jurnalistlərə təzyiq olunur? “İnter”in baş məşqçisi, 69 yaşlı bədən tərbiyəsi müəllimi Valentin Xodukin media təmsilçilərini itə bənzədir, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov jurnalistləri rüşvət almaqda suçlayır... Kamran Ağayev də bir tərəfdən... Deyəsən, adıçəkilənlərin prinsipi budur: “qara məni basınca...”

* * *

Məncə, hər kəs - qürurlu, şərəfli, peşəsinin qədrini bilən jurnalist Kamran Ağayev kimiləri yerində oturtmalıdır. Onlara anlamadıqları hər şeyi başa salmalıyıq. Futbolçuyabənzərlər qələm əhlinin üzünə tüpürürlər, yoxsa rüsvayçı məğlubiyyətlərdən sonra gözünün içinə dik baxa bilmədiyiniz xalq futbolçuların strateji yerlərini ləkələyir?

Aqşin ƏLİYEV
0