“Akkord”un karate komandası beynəlxalq turnirdə qızıl medallar qazandı - FOTO
04.12.2008 - 18:50
“Akkord”un karate komandası beynəlxalq turnirdə qızıl medallar qazandı - FOTO
Noyabrın 29-30-da Ukraynanın Donetsk şəhərində karate üzrə “İnternational JKS Cup 2008” adlı beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, 18-39 yaşlı idmançılar arasında təşkil olunan yarışa 10 ölkədən 18 komanda qatılıb. Azərbaycanı Donetskdə 3 komanda təmsil edib ki, bunlardan biri də “Akkord” Şirkətlər Qrupunda çalışan idmançılardan ibarət “Akkord Azərbaycan” komandası olub.

Yaponiya Karate Şoto Federasiyası və Ukrayna Karate Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarış bizimkilər üçün uğurlu alınıb. Rusiya, Ukrayna, Belarus, Rumıniya və digər ölkələrin karateçilərinin də mübarizə apardıqları turnirdə idmançılarımız yüksək nəticə göstəriblər. “Akkord Azərbaycan” bütün görüşlərini qələbə ilə başa vuraraq, çempionatın kubokuna, qızıl medallara və diploma layiq görülüb. Yaponiya Karate Şoto Federasiyasının vitse-prezidenti Takenori Tanaka da “Akkord Azərbaycan” komandasının çıxışını yüksək qiymətləndirib.

Artıq komandanın üzvləri - Şahin Atamov, Vüsal İsrafilov, Rəşad Hüseynov, Emil Xasıyev və Famil Səfiyev Vətənə qayıdıblar. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları “Akkord” Şirkətlər Qrupunun nümayəndələri və yaxınları qarşılayıblar. Qələbə sevincini gizlətməyən karateçilər çempionatda iştirak etmək üçün yaradılan şəraitə ğörə “Akkord” Şirkətlər Qrupunun rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu, “Akkord” Şirkətlər Qrupunun sponsorluğu ilə beynəlxalq yarışlara qatılan idmançılarımızın ilk uğuru deyil. Bundan öncə Şirkətlər Qrupunun sponsorluq etdiyi bir sıra idmançılar da Şərq təkbətək döyüş növləri üzrə müxtəlif beynəlxalq turnirlərdə qələbələr qazanıblar. Eyni zamanda, “Akkord Şahdağ” komandası da otüstü xokkey üzrə Azərbaycan çempionatının ikiqat qalibi olub.
0