“Lokomotiv” də Azərbaycan çempionu ilə görüşəcək
05.12.2008 - 12:08
“Lokomotiv” də Azərbaycan çempionu ilə görüşəcək
Bakının “İnter” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə hazırlıq mərhələsində sınaqçı rəqiblərdən daha ikisi məlum olub. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Valentin Xodukin sözlərinə görə, siyahıya Rusiyanın “Lokomotiv” və “Kuban” klubları da əlavə olunub.

Ukraynalı mütəxəssis bildirib ki, yoxlama oyunlarının keçirilməsini təşkil edənlər bu komandaların Azərbaycan çempionu ilə görüşməyə razılıq verdiklərini onlara çatdırıb: “Lokomotiv”lə “Kuban” həmin vaxt Türkiyədə təlim-məşq toplanışında olacaq. “Birlik kuboku”na hazırlıq məqsədilə beş yoxlama görüşü keçirməyi nəzərdə tutmuşuq. Rusiya təmsilçiləri münasib sınaqçı rəqiblər saymaq olar. Üstəlik, hər iki komanda ilə ötən qış fasiləsində elə Türkiyədə görüşmüşük. “Lokomotiv”i 2:0 hesabı ilə məğlub edən komandamız “Kuban”a 3:5 hesabı ilə uduzub. “Kuban”ın yenidən Rusiya Premyer Liqasına qayıtması komandanın gücündən xəbər verir. “Lokomotiv”i isə təqdim etməyə ehtiyac yoxdur”.

“Lokomotiv” kimi, Moskvanın “Spartak” klubu da Azərbaycan çempionu ilə yoxlama oyunu keçirməyə razılıq verib.

Qeyd edək ki, “İnter” “Birlik kuboku”na hazırlıq məqsədilə yanvarın 3-də Türkiyədə bir araya gələcək. Moskvada keçiriləcək turnirə yanvarın 17-də start veriləcək.
0