Ramazan Abbasov: Foqtsa nə deyə bilərəm ki?
06.12.2008 - 14:02
Ramazan Abbasov: Foqtsa nə deyə bilərəm ki?
“Əsas heyətə düşməməyimi müvəqqəti hal sayıram. Futbolçu hər zaman ideal formada olmur. Mən də “Neftçi”dən qayıdanda bu problemlə üzləşdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Ramazan Abbasov deyib. Cari mövsümdə “zolaqlılar”ın heyətinə düşməklə bağlı ciddi problemlə üzləşən yarımmüdafiəçi klubun rəsmi internet saytına müsahibə verib.

Azərbaycan Premyer Liqasının birinci dövrəsində cəmi 6 oyunun 166 dəqiqəsini meydanda keçirən Abbasov komandasının nəticələrindən razıdır: “Komandamızın nəticəsi göz qabağındadır. Baş məşqçimiz Qyoko Hacıyevskinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Komanda daxili əhval-ruhiyyə də əladır. Hazırda ikinci yerdə qərarlaşmağımız heç də pis nəticə deyil. Mən də bir neçə matçda ilk “11-lik”də yer aldım. Demək olar, bütün matçlarda ikinci hissədə meydanda olmuşam. İkinci dövrədə daha yaxşı futbol göstərəcəyimizə əminlik var. Avropaya gedəcək klublardan biri də biz olacağıq”.

Bir vaxtlar Azərbaycan milli komandasında 9 oyun keçirən 25 yaşlı futbolçu yenidən yığmaya qayıtmaq arzusundadır. Abbasovun fikrincə, klubunda oynamamağı da buna əngəl olmamalıdır: “Hər zaman milli komandadan dəvət gözləyirəm. Mənim üçün milli komandada oynamaq daha üstündür. Lakin futbolçu öz vaxtını gözləməlidir. Mən də həmişə səbirli olmağa çalışıb, öz işimi görürəm. Şahin Diniyev məni daim yığmaya çağırırdı. Düzdür, komandanı formalaşdırmaq baş məşqçinin səlahiyyətindədir. Mən Berti Foqtsa deyə bilmərəm ki, məni çağır. Onun öz taktikasına uyğun futbolçuları var ki, onlarla çalışır. İnanmıram ki, “Bakı”da əsas heyət oyunçusu olmamağım Foqtsun seçiminə təsir etsin. Məgər indi milli komandanın əsas heyətində meydana çıxan futbolçuların hamısı öz komandalarında oynayır? Belə futbolçular çox azdır. Hər halda, ikinci dövrədə milli komandadakı yerimi qaytarmaq üçün rəqabət aparacağam”.
0