Azərbaycan idmançılarının yeni rekordu
10.12.2008 - 15:07
Azərbaycan idmançılarının yeni rekordu
Azərbaycan idmançılarının 2008-ci ildə qazandığı medalların sayı rekord həddi keçib. Bu haqda Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib. Onun sözlərinə görə, artıq il ərzində əldə olunan medalların sayı 500-ü keçib: “İndiyədək ən çox medalı 2007-ci ildə qazanmışdıq. Ötən ili 452 medalla başa vurmuşduq. Bu il isə Pekin Yay Olimpiya Oyunlarına hazırlıqla əlaqədar bir sıra nüfuzlu turnirlər keçirilməyib. Ona görə də medalların sayında azalma baş verəcəyini proqnozlaşdırırdıq. Lakin idmançılarımız xüsusən son aylar nüfuzlu beynəlxalq yarışlarda uğurla çıxış edərək, xeyli medal qazanıblar. Nəticədə ötən ilki rekord yenilənib”.

M. Rəhimov medal hesablamasının bütün beynəlxalq yarışlara şamil olunmadığını da əlavə edib. O, bildirib ki, Gənclər və İdman Nazirliyi tərəfindən aparılan hesablamada yalnız Olimpiya Oyunları, yeniyetmələr, gənclər və böyüklər, eləcə də tələbələr, hərbçilər, veteranlar arasında Avropa, dünya çempionatları, Dünya kubokunun mərhələ yarışları, 8-dən çox ölkənin qatıldığı müxtəlif növlər üzrə İdman Oyunları kimi turnirlərdə əldə olunan medallar qeydə alınır.

Qeyd edək ki, bu il qazanılan medalların sayı rəsmən dekabrın 24-də keçiriləcək ilin idman yekunları ilə bağlı mərasimdə açıqlanacaq.

www.lent.az
0